Mahmud Qurbanov: “Mahmud Qurbanov harada, çempionluq orada” ifadəsini eşitmək mənim üçün xoşdur”
29.05.2008 - 13:30
Mahmud Qurbanov: “Mahmud Qurbanov harada, çempionluq orada” ifadəsini eşitmək mənim üçün xoşdur”
Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun heyətində Azərbaycan çempionu olan Mahmud Qurbanov deyib. 35 yaşlı yarımmüdafiəçi “Qarabağ”a nümayiş etdirdiyi əzmkarlığa görə təşəkkür edib: “Qarabağ”ın məşqçi, futbolçu, sponsorlarının əməyini yüksək qiymətləndirirəm. “Olimpik”in çempionluğu daha real olsa da, şansımız bitməmişdi. Görünür, çempionluq bizim qismətində imiş. Halbuki, kuboku qazanmaq şansımız daha real idi, nəinki çempionluq. Ancaq sonda əksinə oldu”. Karyerasında 9-cu çempionluğu qazanan futbolçunun sözlərinə görə, titullarına fərq qoymur. M.Qurbanov karyerasında hər bir uğurun onun üçün əlamətdar olduğunu qeyd edib: “Sadəcə, “Mahmud Qurbanov harada, çempionluq orada” ifadəsini eşitmək mənim üçün xoşdur. Karyeramda növbəti çempionluq mənə ləzzət idi. Hər bir oyun mənim üçün imtahandır. Hər sınaqdan üzüağ çıxmağa, özümü sübut etməyə çalışıram. Ən titullu futbolçu olduğuma görə özümü xoşbəxt sayıram”.
Qeyd edək ki, ölkə kubokunu da nəzərə alsaq, M.Qurbanovun karyerasında 13 titul var.
0