Şahin Diniyev: “Əsas futbolçuları oynasaydı, bosniyalılar Azərbaycanla matçda favorit idi”
30.05.2008 - 18:28
Şahin Diniyev: “Əsas futbolçuları oynasaydı, bosniyalılar Azərbaycanla matçda favorit idi”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bosniya və Herseqovina yığması ilə indiyədək qarşılaşmışam. Həmin oyunda 1982-ci il təvəllüdlü futbolçularla çıxış etmişdik. Bu, yığmalar səviyyəsində ilk görüşümüz olub və 2:1 hesabı ilə qələbə qazanmışdıq. Həmin matçda qollarımızın müəllifi Səbuhi Sadiqovla Saqif Xalidov olub”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev deyib. 2000-ci ildə U-18-lər (indiki U-19) arasında Avropa çempionatının seçmə mərhələ oyunlarında iştirak edən çalışdırıcısının sözlərinə görə, milli komandalar səviyyəsində qarşıdakı görüşdə də qələbə qazanmağımız realdır: “Bosniya və Herseqovinanın əsas futbolçularının imtina etməsindən və onları gənclərin əvəzləməsindən xəbərdaram. Bildiyimə görə, rəqib bizimlə oyuna 13 futbolçu ilə hazırlığa başlayıb. Bosniyalıların əsas futbolçuları oynasaydı, sözsüz ki, onlar aşkar favorit idi. Ancaq indi vəziyyət dəyişib. Zenitsa şəhərində keçiriləcək matçda uğurlu nəticə qazanmaq şansımız yaranıb. Belə olan halda, Bosniya və Herseqovinanı səfərdə məğlub etməyimiz də real görünür. Hər halda, tarixdə nəticə qalır”. Almaniyalı həmkarı Berti Foqtsun çalışdırdığı milli komandamızdan uğurlu çıxış gözləyən Ş.Diniyev heyətə də toxunub: “Hər bir mütəxəssis komandasına taktiki sxemə uyğun futbolçuları götürür. Belə olan halda, məşqçinin həmkarının seçimi ilə bağlı fikir yürütməsi absurddur. Sadəcə, bir futbol adamı kimi Aslan Kərimovun kənarda qalmasını qeyd edə bilərəm. Futbolçuya pasportuna görə yox, meydanda faydalılığa görə qiymət vermək daha düzgün olar. Ola bilsin ki, baş məşqçi Aslanı müəyyən səbəbdən çağırmamağı məqsədəuyğun sayıb. Ancaq hər halda, Kərimov Foqtsdan dəvət alsaydı, milli komandaya gələcəkdi”.
0