Pavel Malura: “Vlastimil Petrjela “Neftçi” haqda hər şeyi mənə danışıb”
17.06.2008 - 16:47
Pavel Malura: “Vlastimil Petrjela “Neftçi” haqda hər şeyi mənə danışıb”
- İyunun 16-da komandanı ilk dəfə məşqə çıxarmısınız. Yeni komandanız sizdə hansı təəssüratlar yaratdı?
- İlk məşqdə kollektiv yaxşı nəzərə çarpdı. Heyətdə texnikalı futbolçular var. Bildiyiniz kimi, son bir ildə “Nitra”nı başqa məşqçi çalışdırıb. İşə yeni başlasam da, komandanın İntertoto kubokuna tam hazır olduğunu gördüm. İnanıram ki, qarşıdakı yarışda yaxşı çıxış edərək, ümidləri doğruldacağıq.
- “Nitra”ya yeni futbolçular cəlb etmisinizmi?
- Bəli. Yakub Hoteki transfer etmişik. Ancaq o, Bakıya gələ bilməyəcək. Çünki onun keçmiş komandası ilə müqaviləsi hələ başa çatmayıb. İyulun 1-dən etibarən Hotek “Nitra”nın tamhüquqlu futbolçusu olacaq.
- “Neftçi” haqqında informasiya toplaya bilmisiniz?
- Mən “Neftçi”nin sabiq baş məşqçisi, həmyerlim Vlastimil Petrjela ilə danışmışam. O, mənim köhnə dostumdur. Petrjela rəqibimiz barədə hər şeyi mənə dedi. Öyrəndim ki, “Neftçi”nin futbolçuları yaxşı texnikaya malikdirlər. Bundan başqa, onların sürəti və yüksək oyun quruculuğu keyfiyyətləri var. Fikrimcə, bizi qarşıda çox çətin matç gözləyir.
- Bəs “Neftçi”nin hansısa oyununun videoyazısını əldə etməməsiniz?
- Xeyr.
- “Neftçi” rəsmiləri informasiya qıtlığı ilə üzləşdiklərini söyləyiblər. Onlar sizdən videokasset ala bilmədiklərini deyirlər.
- Bu, həqiqətəuyğun olmayan açıqlamadır. Məsələ burasındadır ki, nə biz onlardan, nə də onlardan bizdən videokasset istəyib.
- Rəhbərlik etdiyiniz kollektivdə elə bir futbolçu varmı ki, zədə və ya digər səbəbdən “Neftçi” ilə oyunu buraxsın?
- Bizə qarğış edirsiniz? (gülür) Sevindirici haldır ki, komandamızda zədəli futbolçu yoxdur. Bayaq qeyd etdiyim kimi, yalnız Yakub Hotek “Neftçi” ilə oyunlarda forma geyməyəcək ki, bu da transfer vərəqi ilə bağlıdır.
- Birinci oyunun səfərdə keçirilməsi sizə əlavə üstünlük verirmi?
- “Neftçi” ilk qarşılaşmada meydan sahibi qismində çıxış edəcəyindən, üstünlüyə malikdir. Ancaq əminliklə söyləyə bilərəm ki, Slovakiyada onlar üçün asan olmayacaq.
- Bakıda hansı nəticə sizi qane edəcək?
- Təbii ki, qalib gəlmək istəyirik. Ancaq uduzsaq da, heç nə olmaz. Əvvəla ona görə ki, birinci oyunumuz səfərdə olacaq. Şübhəsiz ki, “Neftçi” doğma meydanda qələbə qazanmaq niyyətindədir. Əgər səfərdən qeyri-qənaətbəxş nəticə ilə dönsək, bunun əvəzini bir həftə sonra çıxmağa çalışacağıq. Bakıdan ən azı 1:1 hesablı bərabərliklə qayıtmaq istəyirik. Səfərdə vurulacaq qolun bizə çox köməyi dəyə bilər. Yaxşısı budur, gəlin proqnoz verməyək və oyun gününü gözləyək.
- “Neftçi” rəhbərliyi UEFA kubokuna vəsiqə qazanmağa iddialıdır. Onların bu istəyindən xəbəriniz varmı?
- Açığı, belə iddialara fikir verməməyə çalışırıq. Çünki bütün suallara meydanda cavab veriləcək.
- Komandaların şanslarını necə dəyərləndirirsiniz? İkinci mərhələyə “Neftçi” adlayacaq, yoxsa “Nitra”?
- Mənə elə gəlir ki, şanslar bərabərdir. Sadəcə, ilk oyun zamanı “Neftçi”nin şansı yüksək olacaq. İstənilən halda, növbəti mərhələyə yüksəlmək üçün komandaların şansları 50/50-yə bərabərdir.
0