Georgi Nikolov: “37 yaşlı futbolçuya milyonlarla dollar xərcləməyə dəyməz”
17.06.2008 - 17:21
Georgi Nikolov: “37 yaşlı futbolçuya milyonlarla dollar xərcləməyə dəyməz”
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib. Bu gün Bakıya qayıdan G.Nikolov Hakan Şükürün “İnter”ə transfer olunacağı barədə Türkiyə mətbuatında yayılan xəbərləri təkzib edib: “Şükürə bir illik müqaviləyə görə 3 milyon dollar təklif etməyimiz doğru informasiya deyil. Bu hücumçu, ümumiyyətlə maraq dairəmizdə deyil. Təbii ki, belə olan halda, onunla nə danışıq aparmışıq, nə də təklif göndərmişik. Karyerasında qürub çağında olan 37 yaşlı futbolçuya görə milyonlarla dollar xərcləməyə dəyməz”. Bununla belə, G.Nikolov qeyd edib ki, Hakan Şükür kimi futbolçunu Azərbaycana gətirmək daha çox klubun, futbolun populyarlaşmasına xidmət edən addımdır: “Hakan ölkəmizə futbol elçisi rolunda gələ bilər. Biz isə komandanın oyun üslubuna, taktiki sxemə uyğun gələn, yaşı çox olmayan futbolçuların xidmətində maraqlıyıq. Hakanla ciddi maraqlanan “Xəzər-Lənkəran”ın rəhbərliyi ağıllı insanlardır və onlar da böyük məbləğdə xərc çəkməyi məqsədəuyğun saymazlar”.
0