Klublar legioner limitinin ləğvini necə qarşılayır?
18.06.2008 - 09:00
Klublar legioner limitinin ləğvini necə qarşılayır?
AFFA tərəfindən legioner limitinin ləğv olunacağı barədə yayılan xəbərlərə münasibət bildirən Z.Məmmədov hətta üzvlük haqqının qaldırılmasının da problem olmadığını vurğulayıb: “Bu komandamız üçün problem deyil”.
“Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov təmsil etdiyi komandanın da yeniliyi dəstəklədiyini bildirib: “Legioner limitinin ləğv olunmasını müsbət qarşılayırıq. Kimlərsə limitlə futbolumuzun, uşaq futbolunun inkişafına nail olmağın mümkünlüyünü düşünə bilər. Lakin bu, yanlış fikirdir. Əksinə, limitin ləğvi sayəsində ölkəmizə daha səviyyəli legionerlər gələcək ki, bu da həm futbolumuzun, həm də gənc oyunçuların inkişafına təkan olacaq. Hər hansı komandada heyətə düşə bilməyən yerli futbolçular oynamaq üçün başqa kluba keçməyə məcbur olacaq ki, bu da onların xeyrinədir. Legionerlər üçün üzvlük haqqının artırılması da düzgün addımdır. Klublar yerli futbolçulara görə xərcə düşməkdənsə, səviyyəli əcnəbi oyunçunu transfer edəcək”.
Ölkə çempionu olan “İnter” klubunun prezidenti Georgi Nikolov limitin ləğvinə münasibət bildirməsə də, əcnəbilər üçün ödənən üzvlük haqqının artırılmasının mənfi hal olduğunu bildirib: “Legioner limitinin ləğvi ilə bağlı qərar qəbul olunanadək bu barədə fikir söyləyə bilmərəm. Lakin limitin ləğvi ilə yanaşı, üzvlük haqları qaldırıla bilər. Bu isə komandalar üçün heç də yaxşı hal deyil”.
İcraiyyə Komitəsinin qəbul etmək istədiyi qərarlardan narazı olan “Karvan” klubu rəsmilərini daha çox üzvlük haqqının əvvəllər olduğu kimi, 20000 manata qaldırılması narahat edir. Yevlax təmsilçisinin mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev əvəzedici komanda ilə bağlı qərarların bəzilərini də düzgün saymır: “AFFA-nın legioner limitinin ləğvi və əcnəbi oyunçulara görə üzvlük haqqının 20 min manata qaldırılması ilə bağlı qəbul etmək istədiyi qərara münasibətimiz çox mənfidir. Bu qərar yerli oyunçuların qiymətlərini süni şəkildə qaldırmasının qarşısını almasına hesablanıb. Lakin üzvlük haqqının qaldırılması nəticəsində irəliləyişə nail olmaq mümkün deyil. Bu hal komandalar arasında uçurumun yaranmasına gətirib çıxaracaq. Bizə elə gəlir ki, limit ləğv edilən zaman üzvlük haqqı 8000 manat qalmalı idi. Premyer Liqa klublarının ikinci komandalarının yaradılmasını müsbət hal kimi qəbul edirik. Bu, 21 yaşınadək futbolçuların daha çox oyun praktikası qazanması baxımından vacibdir. Lakin bu çempionatı zonalar üzrə keçirmək daha məqsədəuyğun olardı. İkinci komandanın oyuna gəlməməsi üçün əsas komandaya məğlubiyyət verilməsini də başa düşə bilmirik. Əvəzedici heyət hər hansı texniki səbəbdən oyuna gedə bilməyibsə, buna görə əsas komandaya məğlubiyyət verilməlidir ki?”
“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov qərar qəbul olunandan sonra münasibət bildirməyi daha məqsədəuyğun sayıb: “Hələ ortada dəqiq bir şey yoxdur. Qərar qəbul olunmamış nəsə söyləmək düzgün olmazdı”.
“Simurq” klubunun prezidenti Zaur Məmmədov əcnəbilərlə bağlı məsələdə qərarın qəbul olunmadığını əsas gətirərək, mövqe bildirməyin çətinliyini söyləyib: “Legioner limitinin ləğvi ilə bağlı söhbətlər getsə də, konkret qərar qəbul olunmayıb. Bu səbəbdən məsələyə münasibət bildirmək istəmirəm. Limitin “5+2” olması qərara alınanda komandamız bundan razı qalmışdı. Amma indi nəsə demək tezdir”.
Qeyd edək ki, Azərbaycan Peşəkar Futbol Liqasının təsis konfransında legioner limitinin ləğvi və legionerlərə qoyulan üzvlük haqqının artırılması barədə müzakirə olunan qərarların qəbul olunacağı gözlənilir.
0