Azərbaycan futbol yığması Moldovada keçirilən beynəlxalq turnirin qalibi olmaq şansını itirib
19.06.2008 - 10:22
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası (U-17) Moldovanın Ternovka şəhərində təşkil olunan “FA of Moldova Cup-2008” adlı sayca 9-cu beynəlxalq turnirdə ikinci oyununa çıxıb. “APA-Sport” agentliyinin məlumatına görə, Bernard Lippertin yetirmələri Moldovanın birinci komandası ilə qüvvəsini sınayıb. Qarşılaşma yığmamızın üstünlüyü şəraitində keçsə də, qələbə qazanmaq mümkün olmayıb. Oyun 1:1 hesabı ilə nəticələnib. Ardıcıl ikinci dəfə heç-heçə edən U-17 bununla da, yarışın qalibi olmaq şansını itirib. Yığmamız ən yaxşı halda qrupda ikinci yeri tutacaq. Əsasnaməyə görə, finalda qrup birinciləri qarşılaşacaqlar. Bu isə o deməkdir ki, yeniyetmə futbolçularımız son turda Latviyaya qalib gələcəkləri təqdirdə, yenə həlledici qarşılaşmaya vəsiqə əldə edə bilməyəcəklər. İkinci turda Latviya Moldovanın ikinci kollektivini məğlub edərək (5:0), qrup liderliyini təmin edib. Azərbaycan – Latviya matçı sabah Bakı vaxtı saat 20:00-da başlanacaq. Milli komandamızın turnirin son günündə, iyunun 21-də 3-cü yer uğrunda mübarizə aparacağı gözlənilir.
0
0