Valentin Xodukin: “Rubinin üstünlüyü solaxay olmasıdır”
20.06.2008 - 16:10
Bakı. Mehman Süleymanov - APA-Sport. “Andrey Rubinlə çoxdan maraqlanırdıq. Onun keçidi ilə bağlı litvalı futbolçumuz Tomas Rajanauskasın da fikrini öyrənmişdim. Tomas tanıdığı latviyalı yarımmüdafiəçinin hazırda yaxşı formada olduğu demişdi”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. Yeni transferi Andrey Rubini oyununu izlədiyini deyən ukraynalı mütəxəssisin sözlərinə görə, son iki ili vətənində keçirən 30 yaşlı latviyalı yarımmüdafiəçi “İnter”ə faydalı olmalıdır: “Zəngin karyerası olan Andrey vaxtilə İngiltərə çempionatında, həmçinin Moskvanın “Spartak” klubunda çıxış edib. Rubini seçməyimiz təsadüfi deyil. Bu futbolçuya ilk növbədə ona görə üstünlük verdik ki, rus dilini bilir. Mənə cənubi amerikalılar təklif olunsa da, onlarla ciddi maraqlanmıram. Çünki dil baxımından problem yaranır. Rubinin üstünlüklərindən biri də solaxay olmasıdır. Bizə isə ayrı-ayrı matçlarda taktikaya uyğun sol ayağı yaxşı oynayan cinah futbolçusu lazımdır.
0
0