Qyoko Hacievski: “Xristov Almaniya və ya Hollandiyada oynaya bilər”
23.06.2008 - 16:24
Qyoko Hacievski: “Xristov Almaniya və ya Hollandiyada oynaya bilər”
28 yaşlı yarımmüdafiəçi Draqan Naçevskinin bu gün vətənini tərk edəcəyini deyən makedoniyalı mütəxəssis iyunun 24-də səhər saatlarında onu sərəncamında görəcək: “Asiyada çıxış etmək təklifi olan Naçevski seçimini “Bakı”nın xeyrinə etdi. Bu futbolçu birbaşa müqaviləyə gəlir. Draqanın hələ “Bakı” rəhbərliyi ilə söhbəti olmasa da, hər halda, ortaq məxrəcə gələcəklərini düşünürəm”. Q.Hacievski Makedoniyanın “Vardar” klubunda və yığma komandada rəhbərliyi altında çıxış edən Georgi Xristovdan cavab gözlədiyini söyləyib. “Bakı”nın çalışdırıcısının sözlərinə görə, 32 yaşlı hücumçunun taleyinə sabah aydınlıq gələcək: “Xristovun agenti ilə söhbətim olub. O, müştərisinin Almaniya və Hollandiyada oynamaq variantlarının olduğunu dedi. Hazırda gələcək karyerasını götür-qoy edən Georgi seçim etməkdədir. Mən isə öz növbəmdə həmyerlimə sabaha qədər vaxt vermişəm. Xristovun məsələsinə imkan daxilində tez aydınlıq gətirməyimiz lazımdır. “Bakı”da oynamaq istəyən həmyerlimin transferi baş tutmazsa, onun əvəzinə başqa hücumçu axtaracağıq”.
Qeyd edək ki, vaxtilə milli komandamıza iki qol vuran G.Xristov ötən mövsümü Hollandiyanın birinci liqasında çıxış edən “Den Boş” klubunda keçirib.
0