Nihat Kahveçi əməliyyat olunacaq
23.06.2008 - 16:26
Nihat Kahveçi əməliyyat olunacaq
Bazel, Elşən Məmmədov – APA-Sport. Türkiyə milli komandasının hücumçusu Nihat Kahveçi Xorvatiya yığması ilə Avropa çempionatının ¼ final matçında aldığı zədə üzündən 3 ayadək sıradan çıxıb. «APA-Sport» agentliyinin məlumatına görə, sağ ayaq əzələlərində yırtıq əmələ gələn 29 yaşlı futbolçu iyunun 26-da İspaniyada əməliyyat olunacaq. N.Kahveçi «ay-ulduzlular»ın bundan bir gün öncə İsveçrənin Bazel şəhərində Almaniya millisi ilə keçirəcəyi yarımfinal matçını yataqda izləməmək üçün əməliyyat tarixini gecikdirib. Qitə birinciliyinin qrup mərhələsində Çexiya yığmasının qapısından 2 top keçirən forvard bu qarşılaşmada komandasına kömək edə bilməyəcəyindən xeyli təəssüfləndiyini bildirib: «Almaniyaya qarşı oynamaq və komanda yoldaşlarımla birgə olmaq istərdim. Belə vacib oyun öncəsi zədələnərək, komandamı çətin vəziyyətdə qoyduğum üçün çox təəssüflənirəm. Ancaq qəlbim onların yanında olacaq. Finala qədər irəliləyəcəyimizə inanıram».
0