UEFA Türkiyə yığmasının qapıçısı Tolqa Zənginin Avropa çempionatında yarımmüdafiəçi kimi çıxışına icazə verib
23.06.2008 - 17:30
UEFA Türkiyə yığmasının qapıçısı Tolqa Zənginin Avropa çempionatında yarımmüdafiəçi kimi çıxışına icazə verib
Bazel. Elşən Məmmədov – APA-Sport. UEFA Avropa çempionatının yarımfinal matçında Türkiyə milli komandasının üçüncü qapıçısı Tolqa Zənginin yarımmüdafiəçi qismində çıxış etməsinə icazə verib. “APA-Sport” agentliyinin məlumatına görə, “ay-ulduzlular”ın baş məşqçisi Fatih Terim iyunun 25-də Almaniya yığması ilə keçirəcəkləri görüş öncəsi xeyli itkilərinin olduğunu bildirərək, əlavə futbolçu sifariş etmək üçün qitə futbol qurumundan icazə istəyib. F.Terim vəziyyətin ciddiliyini qapıçı T.Zəngini meydan oyunçusu kimi meydana buraxmaq məcburiyyətində qalması ilə əsaslandırıb. UEFA əlavə oyunçu sifariş etməyə razı olmasa da, qapıçının meydan oyunçusu kimi iştirakında heç bir problem görmədiyini açıqlayıb. Qurumun mətbuat katibi Uilyam Qalyard deyib: “Bir futbolçu hər mövqedə çıxış edə bilər. Məsələn, Türkiyə yığmasının hücumçusu Tuncay Şanlı Çexiya ilə qarşılaşmada qırmızı vərəqə alaraq, meydandan qovulan qapıçı Volkan Dəmirəlin mövqeyində oynayıb”.
Qeyd edək ki, cəzalı və zədəli futbolçular üzündən Almaniya ilə görüşə «ay-ulduzlular»ın cəmi 14 oyunçu ilə çıxacağı gözlənilir.
0