Semih Şəntürk: “Fatih Terim indiyədək işlədiyim məşqçilər arasında ən yaxşısıdır”
24.06.2008 - 11:22
Semih Şəntürk: “Fatih Terim indiyədək işlədiyim məşqçilər arasında ən yaxşısıdır”
Bazel. Elşən Məmmədov - APA-Sport. Türkiyə millisinin hücumçusu Semih Şəntürk sabah keçiriləcək Almaniya yığması ilə yarımfinal matçında komandasının əsas qol ümidi olacaq. «APA-Sport» agentliyinin məlumatına görə, «ay-ulduzlular»ın heyətində xeyli itki olduğundan, baş məşqçi Fatih Terim qarşıdakı görüşün start heyətində bir sıra dəyişikliklər edəcək. Əvvəlki oyunlarda Türkiyə yığmasının hücum xəttində çıxış etmiş Nihat Kahveçi zədəli, Tuncay Şanlı isə cəzalı olduğu üçün Almaniya ilə qarşılaşmada ilk dəqiqələrdən Semih Şəntürkün çıxış edəcəyi gözlənilir. S.Şəntürk həm «Fənərbaxça» klubu, həm də yığmanın heyətində qollarını, adətən, oyuna qoşulduqdan sonra vurub. Lakin forvard start heyətdə yer aldığı vaxt zəif çıxış etdiyi barədə fikirlərlə razılaşmayıb: «Düşünmürəm ki, start heyətdə meydançaya çıxacağım halda zəif oynayacağam. Sadəcə, elə alınıb ki, qollarımı komanda yoldaşımı əvəzlədikdən sonra vurmuşam. Əlbəttə, hər bir oyunçu ilk dəqiqələrdə meydanda olmaq istəyir və mən də istisna deyiləm». 25 yaşlı futbolçu əlavə vaxtın son saniyələrində Xorvatiya yığmasının qapısından keçirdiyi topu ömrünün sonunadək unutmayacağını açıqlayıb. Həmin qol sayəsində hesabı bərabərləşdirən «ay-ulduzlular» penaltilər seriyasında qələbə qazanaraq, yarımfinala vəsiqə qazanıb. S.Şəntürk vurduğu qolda baş məşqçi Fatih Terimin rolunu qeyd edib: «Mən artıq turnirlə vidalaşdığımızı düşünməyə başlamışdım. Bu vaxt baş məşqçimiz Fatih Terim bizə uzun ötürmələrlə oynamağı tapşırdı. Mənim üçün bu, möcüzəyə bərabər idi. Baş məşqçimiz hər oyunçu ilə bir ata kimi davranır. O, mənə yaxınlaşaraq, dedi: «Sənin imkanlarına bələdəm, Sadəcə, futbolunu oyna». Terim indiyədək işlədiyim məşqçilər arasında ən yaxşısıdır».
0