“Xəzər-Lənkəran”ın sabiq futbolçusu “İsmət İnönü” stadionunda vida matçı keçirəcək
24.06.2008 - 12:25
“Xəzər-Lənkəran”ın sabiq futbolçusu “İsmət İnönü” stadionunda vida matçı keçirəcək
Bakı. Aqşin Əliyev - APA-Sport. “Xəzər-Lənkəran” klubunun sabiq türkiyəli hücumçusu Oktay Dərəlioğlu vida matçı keçirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 33 yaşlı futbolçu avqustun 16-da sonuncu dəfə “Beşiktaş”ın formasını geyinəcək. Vida oyununun “İsmət İnönü” stadionunda “Beşiktaş” və Ukrayna “Şaxtyor”u arasında baş tutacağı gözlənilir. Ukraynalılar bu təklifdən imtina edəcəkləri təqdirdə, “Feyenoord” (Hollandiya) və ya “Portu” (Portuqaliya) klublarından biri İstanbula dəvət olunacaq.
Qeyd edək ki, O.Dərəlioğlu 17 illik peşəkar karyerası ərzində 15 klubun şərəfini qoruyub. Türkiyədə “Beşiktaş”, “Fənərbaxça”, “Trabzonspor”da çıxış etmiş hücumçu “Las Palmas” (İspaniya), “Nürnberq” (Almaniya ) və “Xəzər-Lənkəran”da legioner həyatı yaşayıb. O, 2004/2005 mövsümündə Lənkəran klubunda oynayaraq, Azərbaycan çempionatının gümüş medalını qazanıb. Türkiyə milli komandasında 20 görüşə 9 dəfə fərqlənmiş O.Dərəlioğlu karyerasını 3-cü liqa təmsilçisi “Fatih Karagümrük”də başladığı kimi, ötən mövsüm elə burada da başa vurub.
0