Rasim Kara: “Mən Terimin köməkçisi olmuşam, onun qurduğu heyət adətən uğurlu olur”
24.06.2008 - 14:31
Rasim Kara: “Mən Terimin köməkçisi olmuşam, onun qurduğu heyət adətən uğurlu olur”
Həmyerlilərinin Avropa çempionatındakı çıxışını Azərbaycanda izləyən 58 yaşlı mütəxəssis bildirib ki, Türkiyə milli komandası vacib oyunlarda özünü toparlaya bilir: “Baş məşqçi Fatih Terim həmişə çətin vəziyyətlərdə çıxış yolu tapır. Vaxtilə yığmada onun köməkçisi olmuşam. Onun qurduğu heyət adətən uğurlu olur. Mən Terimə və onun komandasına güvənirəm. Sözsüz ki, heyətlə bağlı çətinliklər yarımfinal matçında problem yaradıb. Sərvət Çətin və Əmrə Aşık kimi ucaboylu müdafiəçilərə ehtiyac var. Çünki standard vəziyyətlər, hava ötürmələri zamanı təhlükəli olan almanların qarşısını almaq çətin olacaq. Ancaq təəssüf ki, Sərvət zədəli, Əmrə isə cəzalıdır. Elə Arda Turan, Tuncay Şanlı, Nihat Kahveçi kimi futbolçuların da yeri görünəcək”. R.Kara bildirib ki, türkiyəli futbolçular göstərdiyi əzmkarlıqla başqalarına nümunə olublar: “Fransa yığması səviyyəcə bizdən üstün olsa da, futbolçuların ustalıq səviyyəsi heç nəyi həll etmədi və nəticədə fransızlar qrupda sonuncu yeri tutdular. Bizim futbolçular isə meydana çıxarkən ölkənin adını uca tutmağa çalışır, vətənpərvərlik keyfiyyətlərini nümayiş etdirirlər. Ardıcıl üç oyunda bütün bəşəriyyət Türkiyə yığmasının fantastik qələbəsinin şahidi oldu. Yığmamızın uzatma dəqiqələrində vurduğu qollar əzmkarlığının nəticəsidir”. Türkiyəli futbolçuların almanlarla görüşdə də sonadək mübarizə aparacağına əmin olan R.kara finala çıxmağın yolunu da göstərib: “Topu aşağı salıb, sürətli hücumlarla rəqibin müdafiəsini yarmaq. Alman müdafiəçiləri ağır və ləngdirlər, bundan maksimum istifadə etmək olar. Hesab edirəm ki, Almaniya – Türkiyə oyununda şanslar bərabərdir”.
Qeyd edək ki, Almaniya və Türkiyə yığmaları arasında yarımfinal görüşü sabah İsveçrənin Bazel şəhərində keçiriləcək.
0