Artim Şakiri “Besa” klubunun heyətində İntertoto kubokunda çıxış edir
24.06.2008 - 15:56
Artim Şakiri “Besa” klubunun heyətində İntertoto kubokunda çıxış edir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubu ilə yanaşı, Ağdamın “Qarabağ” klubunun futbolçusu da cari İntertoto kubokunda meydana çıxıb. “APA-Sport” agentliyinin məlumatına görə, ağdamlıların yeni transferi Artim Şakiri İntertoto kubokunun birinci mərhələsinin ilk oyunlarının iştirakçıları arasında olub. 35 yaşlı futbolçu Albaniyanın “Besa” klubunun heyətində meydana çıxıb. Kiprin “Etnikos” klubu ilə Albaniyadakı görüşdə çıxış edən A.Şakiri Tirananın “Stafa Kamal” stadionunda son oyununu keçirib. Lakin makedoniyalı da “Besa”nın qələbə qazanmasına kömək etməyib – 0:0. İyunun 21-də baş tutan matçda yarımmüdafiəçi 90 dəqiqə meydanda olub. “Qarabağ”a məhz “Besa”dan gələn A.Şakirinin Albaniya təmsilçisinin heyətində meydana çıxmasından ağdamlılar da xəbərdar olub. Belə ki, komandanın türkiyəli çalışdırıcısı Rasim Kara “APA-Sport”a açıqlamasında futbolçunun Albaniyaya onların icazəsi ilə yollandığını deyib: “Artim əvvəlki klubunun düşərgəsinə bizim icazəmizlə gedib. Belə ki, onun “Besa” ilə müqaviləsi iyulun 1-də başa çatır və hər iki oyunda komandasına kömək edəcək. Yalnız bundan sonra o bizim tamhüquqlu oyunçumuz olacaq. Biz Türkiyədə hazırlıq keçərkən Şakiri komandaya orada qoşulacaq”.
Qeyd edək ki, A.Şakirinin şərəfini qoruduğu “Besa” ilə “Etnikos” arasındakı cavab matçı iyunun 28-də keçiriləcək.
0