Branimir Subaşiç: “Srvena Zvezda” ilə “3+1 il” şərtilə müqavilə bağladım”
24.06.2008 - 16:03
Branimir Subaşiç: “Srvena Zvezda” ilə “3+1 il” şərtilə müqavilə bağladım”
Belqrad. Mehman Süleymanov - APA-Sport. Son üç mövsümü “Neftçi” klubunda keçirən serbiyalı hücumçu Branimir Subaşiç Azərbaycana qayıdır. Bu haqda “APA-Sport” agentliyinə hazırda vətənində olan B.Subaşiçin özü məlumat verib. Sabah Bakıda olacağını deyən 26 yaşlı futbolçu səfərinin qısa müddətli olduğunu vurğulayıb: “Bakıya “Neftçi” ilə məsələni yoluna qoymaq məqsədilə gəlirəm. Klubdan bir-birimizə borcun olmamağı ilə bağlı sənəd alacağam. Bundan sonra vaxt itirmədən Belqrada qayıdıb, bütün diqqətimi gələcək karyerama yönəldəcəyəm”. Karyerasını vətəndə davam etdirməyə qərar verən B.Subaşiç “Srvena Zvezda” klubuna keçidinin rəsmiləşdiyini söyləyib: “Belqrad təmsilçisi ilə “3+1 il” şərtilə müqavilə bağladım. Yəni, üç il tamam olandan sonra anlaşmanın daha bir il uzadılmasına baxılacaq. “Srvena Zvezda” ilə müqaviləmin maliyyə tərəfi “Neftçi”dən fərqlənmir, qazanc demək olar ki eynidir. Yeni komandamda heyətə düşmək uğrunda məni böyük rəqabətin gözlədiyini bilirəm”.
0