“Neftçi” klubunun İntertoto kubokunda mərhələ adlamaq şansı 75 faizdir
27.06.2008 - 14:11
“Neftçi” klubunun İntertoto kubokunda mərhələ adlamaq şansı 75 faizdir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Neftçi” klubunun İntertoto kubokunda ikinci mərhələyə yüksəlmək şansları 75 faizdir. “APA-Sport” agentliyinin məlumatına görə, iyunun 21-də Slovakiyanın “Nitra” klubunu Bakıda 2:0 hesabı ilə məğlub edən bakılılar birinci mərhələni keçməyə yaxındır. Belə ki, tarix öz meydanında bu hesabla qalib gələn komandaların əksər hallarda cütün qalibi olduğunu göstərir. Təkcə İntertoto kubokunun tarixinə nəzər salsaq, son 4 ildə 8 komanda “Neftçi”nin qazandığı üstünlüyü ilk oyunda əldə edib. Maraqlıdır ki, 2004-2007-ci illərin hər birində iki dəfə belə hal müşahidə olunub. Səfərə iki qolluq üstünlüklə yollanan 8 klubdan 3-ü rəqib meydanında da qələbə qazanıb. Daha iki komanda səfərdə minimal hesabla uduzsa da, mərhələ adlayan tərəf olub. Daha bir matçda evdəki 2:0-lıq üstünlüyü qoruya bilməyən komanda penalti seriyasında uğur əldə edib. Son 4 ildə yalnız iki klub səfərdə buraxdığı iki qolun əvəzini çıxmaqla İntertoto kubokunda mərhələ keçib. Bu isə “Nitra”nın mərhələ keçmək şansının 2/8 olduğunu göstərir.
Qeyd edək ki, 14 ildir avrokuboklarda çıxış edən komandalarımız indiyədək yalnız bir dəfə belə üstünlüklə səfərə yollanmışdı. Son uğurunu 3 il əvvəl qazanan “Neftçi” İslandiyanın “Hafnarfyordur” klubunu 2:0 hesabı ilə məğlub etdikdən sonra rəqib meydanında da 2:1-lik üstünlük qazanıb belçikalılara rəqib olmuşdu.
0