“İnter” klubu Rusiya yığmasının sabiq hücumçusunu baxışa çağırıb
30.06.2008 - 15:24
“İnter” klubu Rusiya yığmasının sabiq hücumçusunu baxışa çağırıb
V.Xodukin legioneri Türkiyədə təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama matçlarında sınayacaq. Vladiqafqazda doğulan A.Kusov karyerasının böyük hissəsini bu şəhəri təmsil edən “Alaniya” klubunda keçirib. Əvəzedici heyətdən əsas komandaya düşən hücumçu “Alaniya”nın heyətində 7 mövsümdə 101 oyuna 7 qol vurub. A.Kusov Valeri Qazzayevin rəhbərliyi altında həm “Alaniya”, həm Moskva MOİK-ində oynayıb. O, hazırda “Xəzər-Lənkəran”ın şərəfini qoruyan həmyerlimiz Dmitri Kramarenko ilə birgə 2003-cü ildə MOİK-in heyətində Rusiya çempionluğunu qazanıb. Moskva klubunda bir mövsüm keçirdikdən “Alaniya”ya qayıdan A.Kusov son illərdə aşağı divizion təmsilçiləri - Çelyabinskin “Spartak”, Qroznının “Terek” və İrkutskun “Zvezda” klublarında forma geyinib. Rusiyanın olimpiya yığmasında 6 matçda 1 dəfə fərqlənən hücumçu əsas milli komandada da oynayıb. A.Kusov 2003-cü il fevralın 13-də Rumıniya yığmasına qarşı çıxış edib. Həmin görüşdən sonra milli komandanın məşqçiləri ona dəvət göndərməyiblər.
Hücumçu axtarışında olan “İnter”in baş məşqçisi Valentin Xodukin artıq bir yeni legioneri sınaqdan keçirib: “Mənə hücumçu ilə yanaşı, sol cinah müdafiəçisi də lazımdır. Agentlərin bizə təklif etdiyi Marko Petriç bu mövqeyin oyunçusudur. Son vaxtlar Belçikada oynayan 26 yaşlı serbiyalı “Sivasspor”a qarşı keçirdiyimiz yoxlama oyununda yaxşı təsir bağışladı. O, 2:0 hesabı ilə qələbə qazandığımız görüşdə qollardan birinə imza atdı. Hücuma qoşulan Petriç Valentin Belkeviçin standard vəziyyətdən ötürməsindən topu qapıya göndərdi. “Sivasspor”la matçda komandamın oyunundan razı qaldım. Azərbaycan yığmasının üzvü İlqar Qurbanovun kapitan sarğısını daşıdığı komanda ilə görüşdə məzmunlu oyun nümayiş etdirdik”.
Qeyd edək ki, A.Kusov iyulun 3-də “İnter”in “Kocaelispor”la yoxlama oyununda meydana çıxacaq.
0