Hamit Altıntop Avropa çempionatının simvolik yığmasında yer alıb
30.06.2008 - 15:48
Hamit Altıntop Avropa çempionatının simvolik yığmasında yer alıb
Bakı. Mehman Süleymanov - APA-Sport. UEFA Avstriya və İsveçrədə keçirilmiş XIII Avropa çempionatının simvolik yığmasını müəyyənləşdirib. “APA-Sport” agentliyinin məlumatına görə, yığmada milli komandaların final mərhələsi üçün iştirak ərizəsində olduğu kimi, 23 futbolçu yer alıb. Ən yaxşı futbolçuların siyahısında ispaniyalılar çoxluq təşkil edirlər. Simvolik yığmaya Avropa çempionu İspaniya milli komandasının 9 üzvü düşüb. Rusiya ən çox futbolçu ilə təmsil olunan ikinci kollektivdir (4 futbolçu). UEFA çempionatın digər bürünc mükafatçısı Türkiyə milli komandasının cəmi bir üzvünü simvolik yığmaya daxil etməyi məqsədəuyğun sayıb. Bu, “ay-ulduzlular”ın bütün görüşlərində əsas heyətdə meydana çıxan Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Hamit Altıntopdur. Gümüş mükafatçı Almaniya 3, Hollandiya və Portuqaliya 2, İtaliya və Xorvatiya isə hərəyə 1 futbolçu ilə simvolik komandada təmsil olunub. Maraqlıdır ki, 2008-ci ilin ən yaxşı futbolçusu adını qazanmağa real namizəd, Portuqaliya milli komandasının və İngiltərənin “Mançester Yunayted” klubunun 23 yaşlı yarımmüdafiəçisi Kriştiano Ronaldonun adı simvolik yığmaya salınmayıb.

Qapıçılar: Canluicci Buffon (İtaliya), İker Kasilyas (İspaniya), Edvin van der Sar (Hollandiya)
Müdafiəçilər: Pepe, Joze Bosinqva (hər ikisi Portuqaliya), Filipp Lam (Almaniya), Karles Puyol, Karlos Marçena (hər ikisi İspaniya), Yuri Jirkov (Rusiya)
Yarımmüdafiəçilər: Hamit Altıntop (Türkiyə), Luka Modriç (Xorvatiya), Markos Senna, Xavi Ernandes, Andreas İnyesta, Sesk Fabreqas (hamısı İspaniya), Konstantin Zıryanov (Rusiya), Mixael Ballak, Lukas Podolski (hər ikisi Almaniya), Uesli Sneyder (Hollandiya)
Hücumçular: David Vilya, Fernando Torres (hər ikisi İspaniya), Andrey Arşavin, Roman Pavlyuçenko (hər ikisi Rusiya)
0