Valentin Xodukin: “Püşkdə rəqibi biz seçmirik, bizi seçirlər”
30.06.2008 - 18:04
Valentin Xodukin: “Püşkdə rəqibi biz seçmirik, bizi seçirlər”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Püşkatma haqda heç nə düşünmürəm. Çünki bizdən asılı olmayan məsələyə görə başımı ağrıtmaq mənasızdır”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanı Çempionlar Liqasında (ÇL) təmsil edəcək Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. Rəhbərlik etdiyi kollektivi bu mötəbər turnirə Türkiyədə hazırlaşdıran 69 yaşlı ukraynalı mütəxəssis təlim-məşq toplanışına diqqət yetirməyi daha vacib sayır: “Komandanın Çempionlar Liqasında göstərəcəyi nəticə əsasən heyətin komplektləşdirilməsindən və hazırlığın səviyyəsindən asılıdır. Biz də diqqəti buna yönəltmişik. Püşkə gəlincə, əlimizdən heç nə gəlmir. Torbadan kimin adını çıxaracaqlarsa, o da rəqibimiz olacaq. Hər halda, püşkdə rəqibi biz seçmirik, bizi seçirlər”. “İnter”in bolqarıstanlı prezidenti Georgi Nikolov ÇL-də mərhələ keçəcəkləri ilə bağlı nikbin danışıb. O, paytaxt klubunu turnirin ilkin mərhələsində mübarizə aparacaq heç bir rəqibdən zəif saymayıb: “Rəqiblərimizlə bərabər səviyyədə oynamaq gücündəyik. Kiminlə görüşəcəyimizin fərqi yoxdur. Onsuz da Çempionlar Liqasında zəif rəqib olmur”.
0