“Rabotniçki” avrokuboklarda son iki ildə üçüncü mərhələyə yüksəlib
01.07.2008 - 15:24
“Rabotniçki” avrokuboklarda son iki ildə üçüncü mərhələyə yüksəlib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Çempionlar Liqasının birinci təsnifat mərhələsində Bakının “İnter” klubunun rəqibi olan Makedoniyanın “Rabotniçki” komandası 71 il əvvəl - 1937-ci ildə yaradılıb. “APA-Sport” agentliyinin məlumatına görə, Makedoniya paytaxtı Skopyeni təmsil edən klubun uğurları yalnız XXI əsrlə bağlıdır. Uzun illər Yuqoslaviyanın ikinci dəstəsinin Makedoniya zonasında çıxış edən “Rabotniçki” tarixi ərzində iki dəfə Yuqoslaviya birinciliyinin güclülər dəstəsində çıxış edib. Makedoniya müstəqillik əldə edəndən sonra daim güclülər dəstəsində olan klub ölkənin ortababları arasında möhkəmlənib. 2001-ci ildə “Kometal” şirkəti klubu öz himayəsinə götürür ki, məhz bundan sonra “Rabotniçki” Makedoniyanın ən güclü klublarından birinə çevrilir. “Bakı”nın baş məşqçisi Qyoko Hacievskinin çalışdırdığı “Vardar”la rəqabətə girən skopyelilər 2000-ci ildə tarixinin ilk uğurunu qazanıb. Skopyelilər tarixində ilk dəfə avrokuboklara qatılır və Ukraynanın “Vorskla” klubu ilə UEFA kubokunun hər iki matçında məğlub olur. Növbəti uğuru 4 il gözləməli olan skopyelilər son 4 çempionatda 3 dəfə Makedoniya birinciliyinin qalibi olub. 2005 və 2006-cı illərdə çempion titulunu qazanan “Rabotniçki” ötən ay tarixinin ilk qızıl dublunu rəsmiləşdirib. Avropa miqyaslı turnirlərdə gec debüt etməsinə baxmayaraq, “Rabotniçki” kifayət qədər uğur qazana bilib. Həm Çempionlar Liqası, həm də UEFA kubokunda iki mərhələ keçməyi bacaran makedoniyalılar son iki ildə ən azı iki rəqibini mübarizədən kənarlaşdırıb. Ümumilikdə, qitə kuboklarında 20 matç keçirən “Rabotniçki” 6 qələbə qazanıb, 5 heç-heçə edib və 9 dəfə məğlub olub (top fərqi – 22:26). Skopye təmsilçisinin prezidenti Draqan Popovski, baş məşqçisi Boban Babunskidir. “Rabotniçki” ev oyunlarını 18104 tamaşaçı tutan şəhər stadionunda keçirir.

“Rabotniçki” klubunun avrokuboklarda bütün oyunları:

2001/02, UEFA kuboku
“Vorskla” (Ukrayna) – “Rabotniçki” 2:0 2:0

2005/06, Çempionlar Liqası
“Rabotniçki” – “Skonto” (Latviya) 6:0 0:1
“Rabotniçki” – “Lokomotiv” (Rusiya) 1:1 0:2

2006/07, Çempionlar Liqası
“Dudelanj” (Lüksemburq) – “Rabotniçki” 0:1 0:0
“Debretsen” (Macarıstan) – “Rabotniçki” 1:1 1:4
“Lill” (Fransa) – “Rabotniçki” 3:0 1:0

UEFA kuboku
“Bazel” (İsveçrə) – “Rabotniçki” 6:2 1:0

2007/08, UEFA kuboku
“Qoritsa” (Sloveniya) – “Rabotniçki” 1:2 1:2
“Rabotniçki” – “Zrinski” (Bosniya və Herseqovina) 0:0 2:1
“Rabotniçki” – “Bolton” (İngiltərə) 1:1 0:1
0