Rüstəm Abdullayev: “Rabotniçki” klubunun rəhbərliyi bizimlə görüşə ciddi yanaşır”
01.07.2008 - 16:58
Rüstəm Abdullayev: “Rabotniçki” klubunun rəhbərliyi bizimlə görüşə ciddi yanaşır”
Nyon. Mehman Süleymanov – APA-Sport. “Fikrimcə, avrokuboklarda püşk nisbi anlayışdır. Bunun düşərli olub-olmadığını dəqiq demək qeyri-mümkündür. Çempionlar Liqasında zəif komandalar olmur və əsas yaxşı hazırlıqdır”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun baş meneceri Rüstəm Abdullayev deyib. Bu gün UEFA-nın mənzil-qərargahında keçirilən püşkatmada iştirak edən “İnter”in rəsmisi Çempionlar Liqasında qarşılaşacaqları Makedoniyanın “Rabotniçki” klubunun rəhbərliyi ilə görüşdüyünü bildirib: “Görüş işgüzar şəraitdə keçdi. Makedoniyalılar bizi yaxşı qarşıladılar. Onlar “İnter”lə görüşə ciddi yanaşır, komandamızı ciddi rəqib kimi qəbul edirlər. Klubun rəhbərliyi ilə təşkilatı, qonaqların qəbulu, nəqliyyat, gediş-gəliş məsələləri haqda fikir mübadiləsi apardıq. Biz onları Azərbaycana, onlar da bizi Makedoniyaya dəvət etdi. Bu səfərlər zamanı komandaların qalacağı otellər dəqiqləşəcək, əlaqələrimiz davam edəcək”.
0