“Xəzər-Lənkəran”ın UEFA kubokundakı rəqibi avrokuboklarda son dəfə “Karvan”ı məğlub edib
01.07.2008 - 17:12
“Xəzər-Lənkəran”ın UEFA kubokundakı rəqibi avrokuboklarda son dəfə “Karvan”ı məğlub edib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Xəzər-Lənkəran” klubunun UEFA kubokunda rəqibi olan Polşanın “Lex” komandası 3 il əvvəl “Karvan”ı İntertoto kubokundan kənarlaşdırıb. “APA-Sport” agentliyinin məlumatına görə, 1922-ci ildə yaradılan Poznan təmsilçisi yalnız son 30 ildə uğurlu nəticə əldə edib. Avrokuboklarda 1978-ci ildə debüt edən “Lex” Almaniyanın “Duysburq” klubuna 0:5 hesabı ilə uduzub. Ümumiyyətlə, tarixi ərzində heç vaxt iki mərhələ keçə bilməyən polşalıların ən böyük uğuru bir komandaya qalib gəlmək olub. 13 dəfə avrokuboklara qatılan poznanlılar 7 dəfə ikinci, 6 dəfə isə birinci mərhələdə mübarizəni dayandırıb. Heç vaxt qitədə uğur qazana bilməyən polşalılar son dəfə 3 il əvvəl “Karvan”la qarşılaşanda mərhələ keçib. İntertoto kubokunda əsasən baxışda olan oyunçuları sınayan yevlaxlıların baş məşqçisi Fuad Yamanın yetirmələri “Lex”ə hər iki oyunda uduzub – 1:2, 0:2. Bu, “Lex”in avrokuboklarda son qələbəsi olub. Həmin mövsümdə Fransanın “Lans” klubuna hər iki oyunda uduzan Polşa təmsilçisi növbəti il “MKT-Araz”la qarşılaşa bilərdi. Lakin imişlililər Moldovanın “Tiraspol” klubuna uduzaraq, mübarizəni dayandırıb. Bu səbəbdən moldovalılar “Lex”lə qarşılaşaraq, hər iki oyunda rəqibini üstələyib – 1:0, 3:1. Moldovalıların uğurunu təkrarlamalı olan lənkəranlıların rəqibi 5 dəfə ölkə çempionu olub. Baş məşqçi Frantişek Jmudanın yetirmələri 1983, 1984, 1990, 1992 və 1993-cü illərdə Polşa çempionu olub. 1982, 1984, 1988 və 204-cü illərdə ölkə kubokunu qazanan “Lex” 1990, 1992 və 2004-cü illərdə Superkuboka sahib çıxıb. Andjey Kadzinskinin prezidenti olduğu komanda ev oyunlarını 16500 tamaşaçı tutan “Mijelsi” stadionunda keçirir.
0