“Voyvodina” klubunun kapitanı: “Az qüvvə sərf etməklə, “Olimpik” səddini keçəcəyik”
02.07.2008 - 13:27
“Voyvodina” klubunun kapitanı: “Az qüvvə sərf etməklə, “Olimpik” səddini keçəcəyik”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Birinci təsnifat mərhələsindəki rəqibimiz “Olimpik” haqda yalnız onu öyrənə bilmişik ki, pis komanda deyil”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu Serbiyanın “Voyvodina” klubunun kapitanı Aleksandar Popoviç deyib. UEFA kubokunun ilkin təsnifat mərhələsində Bakının “Olimpik” klubunun rəqibi olan Novi Sad təmsilçisinin futbolçusu bildirib ki, rəqib haqda müəyyən bilgiyə malikdir: “Onlar son mövsümün axırınadək ölkə çempionu adı uğrunda mübarizə aparıb. Yalnız son qarşılaşmada birinci yeri əldən verib. Məhz bu amil rəqibin psixoloji cəhətdən ruh düşkünlüyünə düşməsinə səbəb ola bilər. Biz də bundan yararlanacağıq. Ümid edirəm ki, mümkün qədər az qüvvə sərf etməklə, ikinci təsnifat mərhələsinə yüksələcəyik. Püşkün nəticəsi tam ürəyimizcə olmadı. Potensial rəqiblərin siyahısına baxanda görürük ki, Malta, Çernoqoriya, Makedoniya klubları ilə də qarşılaşa bilərdik. Lakin narahatçılığa əsas yoxdur. Hər şey qaydasında olacaq”.
Qeyd edək ki, “Olimpik” “Voyvodina” ilə ilk matçını iyulun 17-də səfərdə keçirəcək.
0