“Olimpik” “Voyvodina” klubunun müdafiəçisini transfer edib
02.07.2008 - 17:49
“Olimpik” “Voyvodina” klubunun müdafiəçisini transfer edib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Olimpik” klubu UEFA kubokunun birinci mərhələsində qarşılaşdığı Serbiyanın “Voyvodina” komandasının futbolçusunu transfer edib. “APA-Sport” agentliyinin məlumatına görə, UEFA kubokunun birinci təsnifat mərhələsində Novi Sad təmsilçisi ilə görüşəcək bakılılar iki il əvvəl bu komandanın müdafiəçisi Draqan Mandiçi heyətinə qatmışdı. Son iki ildə “Olimpik”də çıxış edən futbolçu həm “Olimpik”, həm də “Voyvodina” klublarının hər ikisində oynayan iki oyunçudan biridir. “Turan”ın Azərbaycana gətirdiyi Saşa Kovaçeviç ayrı-ayrı vaxtlarda hər iki komandanın heyətini qısa müddətdə qoruyubsa, müdafiəçi daha uzun müddət bu klubların heyətində olub. Paytaxt təmsilçisinin artıq yollarını ayırdığı D.Mandiç Azərbaycana gələnədək 3 il yarım (2003-2006) “Voyvodina”nın uğurları üçün çalışıb. 32 yaşlı serbiyalı karyerasının son 6 ilini keçirdiyi komandaların UEFA kubokundakı oyunları ilə bağlı fikir bildirməkdən imtina edib.
D.Mandiç “APA-Sport”a oyunlarla bağlı açıqlama vermək niyyətində olmadığını bildirib. Son mövsümdə “Olimpik”in heyətində çıxış edən digər serbiyalı Yovan Drobnyak isə matçların onun üçün də maraq doğurduğunu gizlətməyib: “Olimpik”in rəqibini çox yaxşı tanıyıram. Axı özüm də Novi Sad şəhərindənəm. “Voyvodina”nın məşqçilərinə də futbolçularına da bələdəm. Gənc və perspektivli oyunçulardan təşkil olunub. Buna baxmayaraq, qarşıdakı matçlarla bağlı fikir söyləyə bilmərəm. Buna səbəb yenilənmiş “Olimpik” haqda məlumatımın olmamasıdır. Heyətdə ciddi dəyişikliklər edən komandanın indi nəyə qadir olduğunu bilmirəm”. Qeyd edək ki, “Voyvodina” ilə “Olimpik” arasında ilk matç iyulun 17-də keçiriləcək.
0