Makedoniya mətbuatı: “İnter” klubunun büdcəsi 8 milyon dollardır
03.07.2008 - 11:22
Makedoniya mətbuatı: “İnter” klubunun büdcəsi 8 milyon dollardır
“APA-Sport” agentliyinin məlumatına görə, avrokubokların püşkatmasından sonra makedoniyalı jurnalistlər Bakının “İnter” klubuna xüsusi yazı həsr edib. Çempionlar Liqasında Makedoniya çempionu “Rabotniçki” komandasının rəqibi olan “İnter” haqda rəqib düşərgədə kifayət qədər məlumat toplanıb: “Prezidenti bolqarıstanlı Georgi Nikolov olan klub 2004-cü ildən “İnter” adını daşıyır. 1997-ci ildə “Xəzər” adı ilə yaranan “İnter” ev oyunlarını 15000 tamaşaçı tutan süni örtüklü “Şəfa” stadionunda keçirir”.
Arenanın əslində 7852 tamaşaçı tutduğunu bilməyən makedoniyalılar komandanın əvvəlki adı ilə bağlı da yanılır. Əvvəllər “Xəzər” deyil, “Xəzər Universiteti” adlanan “İnter”in heyətində olan legionerlərə və milli üzvlərinə də toxunan həmkarlarımız komandanın son transferlərindən də xəbərsizdir. Belə ki, makedoniyalılar müvafiq olaraq bir və yarım il əvvəl komandanı tərk edən Toni Aleqbe ilə Milan Zaqorats, həmçinin klubu yeni tərk edənlər - Cahangir Həsənzadə, Ruslan Abbasov, Andrius Gedqaudas və Tomas Rajanauskasın hələ də “İnter”in sıralarında olduğunu düşünür. Hazırda Türkiyədə olan “İnter”in yerli “Sivasspor” klubunu 2:0 hesabı ilə məğlub etdiyindən də xəbərdar olan həmkarlarımız 9 il əvvəl Çempionlar Liqasında “Sloqa Yuqomaqnat” klubunun “Kəpəz” səddini uğurla aşdığını da xatırladıb.
0