Polşa mətbuatı: Hakan Şükür Lənkərana gəlsə, “Lex”in aqibəti necə olacaq?
03.07.2008 - 13:15
Polşa mətbuatı: Hakan Şükür Lənkərana gəlsə, “Lex”in aqibəti necə olacaq?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Lex” birinci təsnifat mərhələsində Azərbaycanın “Çelsi”si ilə mübarizə aparacaq”. “APA-Sport” agentliyinin məlumatına görə, polşalı jurnalistlər UEFA kubokunda qarşılşacaq “Lex” - “Xəzər-Lənkəran” matçında həmyerlilərini aşkar favorit sayıb. Onların fikrincə, İsveçrədə keçirilən püşkatmaya yollanan “Xəzər-Lənkəran” nümayəndələri “Lex”dən olan həmkarlarını çox təəccübləndirib: “Onların çoxlu pulu var. Özlərini Azərbaycanın, hətta Qafqazın “Çelsi”si adlandırırlar. Qələbə qazanacaqlarına çox əmindirlər. Buna heç şübhə də etmirlər”. Polşalıları daha çox oyunların nəticəsi deyil, ölkəmizə səfər etmələri maraqlandırır. Onlar hələ də matçın harada keçiriləcəyini bilmirlər: “İran sərhədinə yaxın Lənkəranda oynamaqdansa, Avropaya yollanmaq sərfəli idi. Əslində, görüşün harada keçirilməsi də bilinmir. Azərbaycan mətbuatı qarşılaşmanın Bakıda, klub rəhbərliyi isə Lənkəranda keçiriləcəyini əminliklə söyləyir. Bakıya təyyarə ilə uçmaq 50 min avroya başa gəlir. “Lex” rəhbərliyi öz aşpazını və Azərbaycanda qidalanmaq üçün ərzaq məhsullarını da özləri ilə gətirmək fikrindədir. Bütün bunlar isə çox baha başa gəlir”. Polşalı həmkarlarımız “Xəzər-Lənkəran”ın böyük transferlər gerçəkləşdirmək marağında olduğundan da xəbərdardır və Hakan Şükürlə bağlı söz-söhbət onları qorxuya salıb: “Xəzər-Lənkəran” transfer siyasətində iddialıdır. 3 il əvvəl Türkiyə yığmasının sabiq oyunçusu Oqtay Dərəlioğluna yarım milyon ABŞ dolları vermişdi. İndi isə digər türkiyəli hücumçu, klub karyerası boyu 250-yə yaxın qol vuran Hakan Şükürü transfer etmək istəyir. Maraqlıdır, 37 yaşlı futbolçu Azərbaycan klubuna keçsə, “Lex”in aqibəti necə olacaq?”
Polşalılar “Xəzər-Lənkəran”ın heyətinə kifayət qədər bələddir. Onlar rəqiblərinin düşərgəsində hətta olduğundan da çox braziliyalının çıxış etdiyi haqda məlumata malikdir: “Əminliklə demək olar ki, “Lex” braziliyalılardan ibarət komanda ilə görüşəcək. Hər transfer dövründə onlar bu ölkədə oyunçu axtarmağa başlayırlar. UEFA kubokunda komandanın heyətində təxminən 10 braziliyalı oyunçu görə biləcəyik. Artıq üç oyunçu ilə - Nadir Nəbiyev, Roberto Santos və Yakuba Bamba ilə yollarını ayıran lənkəranlıların braziliyalılarla güclənəcəyi gözlənilir. Milli komandaya da rəhbərlik etmiş təcrübəli Ağasəlim Mircavadovun baş məşqçisi olan klubun qapıçısı Azərbaycan çempionatında ikinci olan Dmitri Kramarenkodur. Çempionatın ən güclü müdafiəçilərindən biri olan Radomir Todorov da rəqibimizin sıralarındadır. Avropa statistiklərinin reytinqində kifayət qədər yüksək yer tutmasına baxmayaraq 2004-cü ildə yaranan komandanın avrokuboklarda təcrübəsi yoxdur. 3 il əvvəl Moldovanın “Nistru” klubuna hər iki matçda uduzmuşdu. Lakin ötən il “Xəzər-Lənkəran” Xorvatiyanın “Dinamo” klubunun canına qorxu salmağa nail oldu. Zaqreblilər yalnız əlavə vaxtda vurulan iki qolla mərhələ keçdi”. Qeyd edək ki, “Xəzər-Lənkəran” – “Lex” oyunları iyulun 17-si və 31-də keçiriləcək.
0