Serbiyalı futbolçu Miroslav Saviç MOİK-ə baxışa çağırılıb
03.07.2008 - 13:54
Serbiyalı futbolçu Miroslav Saviç MOİK-ə baxışa çağırılıb
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan Premyer Liqasının debütantı Mərkəzi Ordu İdman Klubu (MOİK) “Xəzər-Lənkəran”ın sabiq müdafiəçisi Miroslav Saviçi baxışa çağırıb. Bu haqda “APA-Sport” agentliyinə komandanın məşqçisi Ramil Əliyev məlumat verib. Onun sözlərinə görə, hazırda MOİK-in heyətində “Şəfa” stadionunda keçirilən məşqlərdə iştirak edən serbiyalı futbolçu ilə müqavilə bağlanılıb-bağlanmayacağı iyulun 5-dən sonra müəyyənləşəcək: “Komandamızda Saviçlə yanaşı, Premyer Liqa təcrübəsinə malik Eldəniz Məmmədov, Sənan Qurbanov, Ramin Tanrıverdiyev, Azər Bağırov, Rövşən Əmiraslanov və Ramin Məmmədov da baxışdadır. Baş məşqçi Qəhrəman Əliyevlə birgə bu futbolçuları iyulun 5-dək sınayacağıq. Konkret hansı oyunçuların MOİK-də qalacağı bundan sonra bilinəcək”. R.Əliyev vurğulayıb ki, yeni transferlər Gədəbəy və ya Masallıda keçiriləcək təlim-məşq toplanışına qatılacaqlar.
Qeyd edək ki, M.Saviç Azərbaycan çempionatında ən uzun müddət oynayan legionerlərdən biridir. 35 yaşlı müdafiəçi 2004-2006-cı illərdə “Xəzər-Lənkəran”ın şərəfini qoruyub. Ağasəlim Mircavadov Lənkəran klubuna baş məşqçi təyin edildikdən sonra M.Saviç komandadan ayrılaraq, “Masallı”ya keçib. Serbiyalı futbolçu ötən mövsüm “Masallı”da oynayan-məşqçi kimi çıxış edib.
0