NBC klubu yeni stadionunun açılışını avqustda edəcək
09.07.2008 - 12:39
NBC klubu yeni stadionunun açılışını avqustda edəcək
Salyan. Mehman Süleymanov - APA-Sport. NBC klubu Premyer Liqanın yeni mövsümündə ev oyunlarını təmsil olunduğu Salyan şəhər stadionunda keçirə biləcək. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən klubun icraçı-direktoru Füzuli Əliyevin sözlərinə görə, arenada aparılan yenidənqurma işləri artıq başa çatıb: “Stadiondakı işlər demək olar tam yekunlaşıb və yalnız açılış mərasimi qalıb. Bu tədbiri gələn ay çempionat başlayan zamanı edəcəyik”. İcraçı-direktor stadionda plastik oturacaqların qurulduğunu bildirib: “Hazırda arenada 4000 plastik oturacaq var. Ancaq stadionun azarkeş tutumunu bundan iki dəfə çox etməyi planlaşdırmışıq. Meydançanın ot örtüyü yaxşı vəziyyətdədir. Qazon təbii otdan təşkil olunub. Bundan əlavə, planımızda Salyanda futbol məktəbinin yaradılması var”.
Qeyd edək ki, NBC ötən mövsüm ev oyunlarını Bakıda Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirib.
0