“Vaslui” “Neftçi” klubundan asılı vəziyyətə düşüb
09.07.2008 - 15:36
“Vaslui” “Neftçi” klubundan asılı vəziyyətə düşüb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Rumıniyanın “Vaslui” klubu “Neftçi”dən asılı vəziyyətə düşüb. “APA-Sport” agentliyinin məlumatına görə, İntertoto kubokunda mübarizəyə üçüncü mərhələdən başlayacaq rumıniyalılar hazırlıq planı ilə bağlı qeyri-müəyyənlikdə qalıb. Hazırda Almaniyada olan “Vaslui” ən azı şənbə günü Bakının “Neftçi” və Belçikanın “Jerminal” klubları arasındakı matç bitənədək bu ölkəni tərk etməyəcək. Klub rəsmisi Viorel Hizo oyundan sonrakı planlarının nəticədən asılı olduğunu bildirib: “İntertoto kubokunun oyunlarınadək daha iki yoxlama görüşü keçirək yaxşı olardı. Lakin bu bizdən asılı deyil. Nə edəcəyimizi şənbə günü Bakıda keçiriləcək qarşılaşmanın nəticəsi bilindikdən sonra müəyyənləşdirəcəyik. Əgər mərhələni “Neftçi” keçsə, vətənə qayıdıb hazırlığı nəzəri məşğələlərlə davam etdirəcəyik. Belçikalılar rəqibimiz olmağı bacararsa, Almaniyada qalıb əvvəlki qrafiklə hazırlığımızı davam etdirəcəyik. Belə olan halda, İntertoto kubokunun Belçikada keçiriləcək ilk matçına da Almaniyadan yollanmaq fikrindəyik”.
0