“Jerminal” Bakıya 18 futbolçu gətirir
10.07.2008 - 11:23
“Jerminal” Bakıya 18 futbolçu gətirir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Jerminal” İntertoto kubokunun ikinci mərhələsinin “Neftçi” ilə cavab matçında 6 oyunçusunun xidmətindən yararlanmayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, belçikalıların baş məşqçisi Arm van Veldhoven Bakıya yalnız 18 nəfərdən ibarət futbolçu heyətini gətirəcək. Adı iştirak ərizəsinə daxil edilən futbolçulardan müdafiəçilər Nzelo Lembi, Senn Vanderheyden, yarımmüdafiəçilər Daniel Ovusu, Mayk Smet, hücumçular Bartolomeo Ferrara və Qaetan Lambertsin cavab oyununa gəlməsini məqsədəuyğun saymayıb. Son anda sifariş vərəqindən çıxarılan zədəli futbolçular Kenni Stiplə Tormena Edersonun əvəzinə adı sənədə daxil edilən Rokki Peters də “Jerminal”ın ölkəmizə gələn heyətindədir. Maraqlıdır ki, qonaqlar Bakıya 5 hücumçu ilə gəlir.
“Jerminal”ın 18 futbolçusu ilə yanaşı, ölkəmizə gələn nümayəndə heyətində baş məşqçi və 3 köməkçisi, klubun həkimi, 2 fizioterapevt (biri əslən türkiyəli olan Vəli Yüksəl), inzibatçı, kommersiya direktoru, direktorlar şurasının 3 üzvü, həmçinin oyunçuları izləmək məqsədi ilə 3 belçikalı menecer və “Qazet van Antverpen”in əməkdaşı yer alıb. Bu gün Bakı vaxtı ilə saat 10:50-də Antverpendən Frankfurta yollanacaq “Jerminal”ın 34 nəfərlik heyəti Almaniyadan da Bakıya uçacaq. Axşam saat 21:15-də Bakıya çatan qonaqlar “Avropa” otelində məskunlaşacaq. İyulun 11-də saat 14:00 və 21:00-da məşq edəcək “Jerminal” əvvəl fitness hazırlığı, sonra isə matçın keçirildiyi stadionda toplu çalışmalara üstünlük verəcək. Oyun günü məşq etməyəcək belçikalılar iyulun 13-də 10:30-da dəniz sahilinə yollanıb çimərlikdə, 11:30-da fitnes zalında, 21:00-da Respublika stadionunda məşq keçəcək. İyulun 14-ü gecə saat 1-də isə “Jerminal” Azərbaycanı tərk edib Belçikaya yollanacaq.

“Jerminal”ın Bakıya gələn heyəti:

Qapıçılar – 20. Kristof Maes, 31. Sem Vermeylen;
müdafiəçilər - 4. Kurt Van Dooren, 5. Peter Yan Monteyn, 8. Kris de Vri, 22. Martin Monteyn, 25. Corce Svetliçiç, 72. Didye Diden;
yarımmüdafiəçilər – 10. Daniel Kruz, 14. Kinq Osey Qyan, 29. Yustis Uamfor, 99. Xalilu Fadiqa, 9. Rokki Peters;
hücumçular – 11. Henri Munyaneza, 13. Vinçentso Verhoven, 15. Tosin Dosunmu, 18. Pol Kpaka, 24. Sanharib Sabah Malki.
0