Valentin Xodukin: “Arxayınlaşsaq, Azərbaycan yığmasının aqibətini yaşayacağıq”
10.07.2008 - 12:43
İzmit şəhərindəki iki həftəlik hazırlıq prosesindən razı qaldığını bildirən ukraynalı mütəxəssisin sözlərinə görə, yoxlama oyunlarının hamısında qazanılan qələbələr arxayınçılığa əsas verməməlidir: “Məni nəticədən daha çox komandanın oyunu maraqlandırır. Qələbəmiz Türkiyə mətbuatında böyük əks-səda doğurdu. Xüsusilə, “Sivasspor” üzərindəki 2:0 hesablı qələbədən sonra türk komandaları bizimlə oynamaqdan çəkindi. Hazırlığa yeni başladığını bəhanə gətirən “Kocaelispor” da məğlubiyyətdən qaça bilmədi”. Əsas hücumçuları Xaqani Məmmədovla uruqvaylı Valter Quqlemonun sınaq matçlarında məhsuldarlığını müsbət amil hesab edən V.Xodukin yeni futbolçular haqda qəti fikir söyləməyi məqsədəuyğun saymır: “Bu haqda hələ danışmaq tezdir. Onların nəyə qadir olduğunu rəsmi oyunlar göstərəcək. Hər halda, yeni futbolçulardan razıyam. Xüsusilə, əvvəlki formasını bərpa etməkdə plan təcrübəli Valentin Belkeviçə ümidlərimiz böyükdür”. Baş məşqçi Çempionlar Liqasının ilkin təsnifat mərhələsində görüşəcəkləri Makedoniyanın “Rabotniçki” klubunun heyətlə bağlı üzləşdiyi ciddi problemləri üstünlük hesab etmir: “Rəqibin bizdən əsas üstünlüyü avrokuboklarda böyük təcrübəsinin olmasıdır. Biz isə qitə miqyaslı turnirin debütantıyıq. “Rabotniçki” haqda son məlumatlar əldə etmişik və onların çempion heyətinin böyük hissəsini itirdiyini bilirik. Ancaq bu, o demək deyil ki, bizi asan sınaq gözləyir. Azərbaycan yığmasının ötən ay Bosniya və Herseqovina millisi ilə yoldaşlıq görüşünü yada salaq. Həmin vaxt da analoji vəziyyət yaranmışdı və rəqibin əsas futbolçuları meydana çıxmadı. Bunun axırı necə oldu? Özünü göstərmək istəyi böyük olan Bosniyanın əvəzedici heyəti Azərbaycanı məğlub etdi. Yəni, arxayınlaşmaq olmaz. Əks təqdirdə, Azərbaycan yığmasının aqibətini yaşaya bilərik”.
0
0