“Neftçi” klubunun İntertoto kubokunun üçüncü mərhələsinə çıxmaq şansı 67 faizdir
10.07.2008 - 13:17
“Neftçi” klubunun İntertoto kubokunun üçüncü mərhələsinə çıxmaq şansı 67 faizdir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun İntertoto kubokunun üçüncü mərhələsinə çıxmaq şansı 67 faizdir. “APA-Sport” agentliyinin məlumatına görə, son 5 ildə səfərdə keçirdiyi ilk matçdan 1:1 hesabı ilə dönən hər üç komandadan ikisi İntertoto kubokunun növbəti mərhələsinə yüksəlib. İyulun 5-də Belçikanın Antverpen şəhərində yerli “Jerminal” klubu ilə 1:1 hesablı bərabərliklə ayrılan “Neftçi” 2003-cü ildən sonra bu üstünlüyü qazanan 28-ci komandadır. Belə ki, 2003-2007-ci illərdə İntertoto kubokunun ilk oyunlarından 27-də komandalardan hərəsi bir qol vurub. Cavab qarşılaşmalarının 18-də meydan sahibləri qənaətbəxş nəticəni qazanıb. Öz meydanında “Jerminal”ın aqibətini yaşayan 9 komanda səfərdə uğur qazanıb.
Azərbaycan komandalarının avrokuboklarda keçirdiyi ilk oyunlarda 3 dəfə 1:1 hesabı qeydə alınıb. Bu oyunların da ikisində (“Bakı” – “Daçiya”, “Xəzər-Lənkəran” – “Dinamo” Zaqreb) ilk matçda qonaq olan komanda mərhələ adlayıb. Digər halda da uduzan təmsilçimiz olub ki, “Qarabağ” “Zimbru” ilə Moldovada qazandığı heç-heçəni Bakıda qoruya bilməyib. Bu görüşlərin heç biri əsas vaxtda qalibini tapmayıb. Lənkəran və Ağdam təmsilçisi əlavə vaxtda, bakılılar isə penaltilər seriyasında məğlub olub.
0