Türkiyənin 5 oyunçusu dünyanın ən sərrast futbolçuları sırasında yer alıb
10.07.2008 - 14:45
Türkiyənin 5 oyunçusu dünyanın ən sərrast futbolçuları sırasında yer alıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 120 ilin ən məhsuldar futbolçularının siyahısını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 1888-2008-ci illər ərzində 308 futbolçu milli çempionatların güclülər dəstəsində 200-dən çox qol vura bilib. Siyahıda ilk üç yeri 500 həddini aşan oyunçular tutub. Braziliyalı Pele vətənində, həmçinin ABŞ çempionatında keçirdiyi 560 matçda hamıdan çox - 541 qol vurub. Bu göstəricidə ikinci olan çexoslovakiyalı Yozef Biscan orta məhsuldarlığına görə futbol kralını da arxada qoyur. Avstriya və Çexoslovakiyanın güclülər dəstəsində cəmi 341 oyun keçirən hücumçu 518 dəfə rəqiblərini məyus edib. Daha güclü İspaniya çempionatında və vətənində çıxış edən macarıstanlı Ferents Puşkaşın hesabında 533 oyunda 511 qol var. Türkiyəli futbolçulardan Hakan Şükür bu siyahıda 81-ci, Tanju Çolak 142-ci, Mətin Oktay 189-cü, Hami Mandıralı 204-cü, Aykut Kocaman isə 300-cü olub.
Qeyd edək ki, güclülər dəstəsində ən çox qol vuran azərbaycanlı futbolçu Nazim Əliyevin hesabında 183 qol var.
0