“Qarabağ” Çexiya yığmasının sabiq hücumçusunu baxışa çağırıb
10.07.2008 - 16:15
“Qarabağ” Çexiya yığmasının sabiq hücumçusunu baxışa çağırıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Ağdamın “Qarabağ” klubu Çexiya yığmasının sabiq hücumçusunu heyətinə cəlb edib. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Rasim Kara Türkiyədə keçirilən toplanışda Tomas Pesiri sınaqdan keçirir. Hündür boyu (1,85 m) ilə seçilən hücumçu baxışda olduğu müddətdə yoxlama matçlarında yoxlanılacaq. Karyerasına Çexiyanın “Slaviya”da (2000/01 və 2005/06, 15 oyun, 1 qol) başlayan T.Pesir “Mlada Boleslav” (2000/01, 19 oyun, 6 qol), “Xmel” (2001-05 və 2006/07, 89 oyun, 8 qol) və “Most” (2006/07 və 2007/08, 35 oyun, 2 qol) klublarında çıxış etməklə yanaşı legioner həyatı da yaşayıb. Türkiyənin “Kayserispor” (2004/05, 12 oyun, 5 qol) və Şotlandiyanın “Livinqston” (2007/08, 20 oyun, 7 qol) komandalarında çıxış edən 27 yaşlı hücumçu Çexiyanın 21 yaşlılardan ibarət komandasında da çıxış edib. Qeyd edək ki, “Qarabağ”ın baxışa dəvət etdiyi daha iki futbolçu bu gün komandanın məşqlərinə qoşulacaq. Serbiyalılar yarımmüdafiəçi Goran Vujanoviç və hücumçu Arnel Petroviç də qarşıdakı matçlarda sınanacaq.
0