İlqar Nuriyev: “Məgər komandamız güclülər dəstəsində çıxış edəndə sponsor tapmaq olmazdı?”
10.07.2008 - 16:29
İlqar Nuriyev: “Məgər komandamız güclülər dəstəsində çıxış edəndə sponsor tapmaq olmazdı?”
Sumqayıt. Mehman Süleymanov - APA-Sport. “Kim komandanın dirçəlməsi üçün bir addım atsa, ikinci addımı mən atacağam. Əks təqdirdə, klub fəaliyyətini davam etdirməyəcək”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Sumqayıtın “Gənclərbirliyi” klubunun prezidenti İlqar Nuriyev deyib. Komandadan kənarlaşmaq fikrində olduğunu deyən İ.Nuriyevin sözlərinə görə, “Gənclərbirliyi”nin dağılması yalnız ondan asılı deyil: “Futbolu sevməsəydim, son 5 ildə klubu təkbaşına saxlamazdım. Özü də xərclədiyim pulu min bir əziyyətlə qazanıram”. Klub prezidentinin sözlərinə görə, maliyyə problemləri olan komandaya daha əvvəldən kömək etmək lazımdır: “Məgər komandamız güclülər dəstəsində çıxış edəndə ona sponsor tapmaq olmazdı? Gərək “Gənclərbirliyi” birinci diviziona düşsün, dağılmaq üzrə olsun, sonra əl-ayağa düşək? Elə sponsor olmalıdır ki, komandaya yaxşı şərait yaratsın, daha sürünməyək”.
Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin iyulun 5-də keçirdiyi iclasından sonra assosiasiya prezidenti Rövnəq Abdullayev “Gənclərbirliyi”nə sponsor tapılacağını rəsmən bəyan edib.


0