Samir Əliyev: “Komandamız “Anderlext”i məğlub edibsə, “Jerminal”ı niyə yenməsin?”
10.07.2008 - 17:04
Zədəli olduğundan İntertoto kubokunda “Jerminal”la cavab görüşünü də kənardan izləyəcək 29 yaşlı futbolçu bildirib ki, iyulun 17-də keçiriləcək ikinci oyunda komandası qapısını toxunulmaz saxlamalıdır: “Təkrar matçda 0:0 hesabı bizi qane edir. Çünki rəqib meydanında vurulan qol üstünlük sayılır və bunun hesabına mərhələ adlamış olacağıq. Belə olan halda, ilk növbədə öz meydanımızda top buraxmamalıyıq. İlk oyundan sonra münasib nəticə qazansaq da, şanslar yenə bərabərdir”. S.Əliyevin sözlərinə görə, “Jerminal” səfərdə daha iddialı çıxış edəcək: “Hələ ilk oyundan öncə videoyazısını izlədiyimiz “Jerminal” çox yaxşı təsir bağışlamışdı. Elə səfər matçı da rəqibin güclü olduğunu göstərdi. Sadəcə, belçikalılar Azərbaycana yuxarıdan aşağı baxmağın acısını çəkdi və biz də öz oyunumuzla layiqli cavabını verdik. Antverpendəki görüş istənilən komandaya qarşı yaxşı oynamağın mümkün olduğunu göstərdi. Bir də ki, “Neftçi” vaxtilə Belçika çempionu “Anderlext” üzərində Bakıda qələbə qazanıbsa, 5-ci yeri tutan “Jerminal”ı niyə məğlub etməsin? Üç il öncə Respublika stadionunda yenilən “Anderlext” daha güclü rəqib idi”.
0
0