Azərbaycan milli komandasını moldovalı məşqçi çalışdıracaq
10.07.2008 - 17:29
Azərbaycan milli komandasını moldovalı məşqçi çalışdıracaq
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığmasına (U-17) yeni baş məşqçi təyin olunub. “APA-Sport” agentliyinin məlumatına görə, bundan sonra milli komandanı moldovalı Yevgeni Pusikov çalışdıracaq. Moldovanın qadınlardan ibarət yığmasının baş məşqçisi olmuş Y.Pusikov bir neçə gün öncə tutduğu vəzifədən azad edilib. Əcnəbi çalışdırıcı yeniyetmə futbolçularımızı məşq etdirsə də, onunla hələlik rəsmi müqavilə bağlanılmayıb. Moldovalının U-17-nin baş məşqçisi postuna təyinatı AFFA İcraiyyə Komitəsi tərəfindən təsdiqləndikdən sonra münasibətlər rəsmiləşdiriləcək. Y.Pusikovla bir illik müqavilənin imzalanacağı gözlənilir. Onun yeni iş yerində debütü gələn həftə Rusiyanın Noginsk şəhərində keçiriləcək beynəlxalq turnirdə gerçəkləşə bilər.
Qeyd edək ki, Y.Pusikov baş məşqçi vəzifəsində Şamil Heydərovu əvəzləyib. 2007-ci ilin yazından U-17, U-19 və əsas yığmaya rəhbərlik edən Ş.Heydərovun ixtiyarında indi iki komanda qalıb.
0