“Rabotniçki” klubunun hücumçusu: “İnter” məğlubedilməz deyil”
10.07.2008 - 17:52
“Rabotniçki” klubunun hücumçusu: “İnter” məğlubedilməz deyil”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Biz “İnter” klubunu kifayət qədər öyrənə bilmişik. Rəqibimiz çox güclü olsa da, məğlubedilməz deyil”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Makedoniyanın “Rabotniçki” klubunun hücumçusu Ardiyan Nuxiu deyib. 30 yaşlı futbolçu komandasında baş verən ciddi dəyişikliklərə baxmayaraq, Çempionlar Liqasının birinci təsnifat mərhələsində Bakının “İnter” klubunu üstələmək əzmində olduqlarını bildirib: “Əvvəlki “Rabotniçki” güclü, səviyyəli və ustalıq keyfiyyətləri üstün olan oyunçulardan qurulmuşdu. İndi komandada olan gənclər isə istək və istedadla aşıb-daşırlar. Eyni zamanda, onlarda inkişaf da böyükdür. Və bu oyunçular özünü göstərmək üçün əlindən gələni edəcək. Bu iki komandanı müqayisə etmək düzgün olmaz. Makedoniya mətbuatında “Rabotniçki”nı siyahıdan silənlərin olması məni təəccübləndirir. Onlar üçün “İnter” cütün favoritidir. Lakin mənim fikrimcə hər şey ilk oyundan asılıdır. Biz deyilən qədər şanssız deyilik”.
0