“Neftçi” tarix yazmağa hazırlaşır
11.07.2008 - 11:05
“Neftçi” tarix yazmağa hazırlaşır
İlk oyunda qeydə alınan 1:1 hesablı bərabərlik “Neftçi”nin şanslarını daha da artırır.
14 ildir qitə miqyaslı yarışlara qatılan komandalarımız ən yaxşı halda ikinci mərhələyə yüksəliblər. Belə ki, “Qarabağ” və “Xəzər Universiteti” İntertoto kubokunda, “Şəmkir” və iki dəfə “Neftçi” Çempionlar Liqasında (ÇL), “Karvan” isə UEFA kubokunda bu uğura imza atıb. Amma nəzərə alaq ki, klublarımız indiyədək avrokuboklarda ilk oyunda 1:1 hesablı nəticədən sonra heç vaxt mərhələ keçməyiblər. Bunlar İntertotoda “Bakı”, UEFA kubokunda “Qarabağ”, ÇL-də “Xəzər-Lənkəran” olub.
Qitə miqyaslı turnirdə səfərdə ilk heç-heçəsini Belçikada edən “Neftçi” üçün də birinci görüşdə bərabərlik düşərli olmayıb. Belə ki, flaqman 2001-ci ildə UEFA kubokunda Sloveniyanın “Hit-Qoritsa”, bundan üç il sonra ÇL-də Moskvanın MOİK klubu ilə öz meydanında etdiyi heç-heçədən sonra səfərdə iki top fərqi ilə məğlub olmaqla, mübarizəni dayandırıb. Maraqlıdır ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən bu matçlar qolsuz bərabərliklə başa çatıb.
“Jerminal” “Neftçi”ni məğlub edəcəyi təqdirdə, komandamızın avrokuboklarda uğurlu oyunlar seriyasına da son qoymuş olacaq. Belə ki, 9 ildir öz meydanında uduzmayan flaqman sonuncu dəfə 1999-cu ildə UEFA kubokunda Belqradın “Srvena Zvezda” klubuna məğlub olub (2:3). Həmin heyətdən qalan Samir Əliyev zədə səbəbindən kənarda qalacaqsa, kapitan Zaur Tağızadədə belə problem yoxdur. “Neftçi” yenə də evdə məğlub olmamaqla, avrokuboklarda rekordunu davam etdirsə də, məhsuldar heç-heçə mərhələ adlamaq baxımından rəqibə sərfəli olacaq. Klublarımız indiyədək Belçika təmsilçiləri ilə yalnız bir dəfə görüşüb ki, bu da “Neftçi” ilə bağlıdır. Belə ki, ÇL-nin ikinci təsnifat mərhələsində “Anderlext”ə böyük hesabla (0:5) uduzan komandamız Respublika stadionunda keçirilən cavab görüşündə qalib gəlib – 1:0. Ötən ay flaqmanla yollarını ayıran moldovalı yarımmüdafiəçi Vadim Boretsin penalti zərbəsindən qazandırdığı həmin qələbə, yığmaların görüşlərini də nəzərə alsaq, belçikalılar üzərində yeganə qalibiyyətimizdir.
Sabah saat 21:00-da başlayacaq “Neftçi” - “Jerminal” matçının baş hakimi Mark Qlattenburq (İngiltərə) olacaq. Ona həmyerliləri David Riçardson və Adam Vatts kömək edəcək.
0