Nigeriya Futbol Assosiasiyası Azərbaycan yığmasının baş məşqçisinə təzminat ödəyəcək
11.07.2008 - 11:29
Nigeriya Futbol Assosiasiyası Azərbaycan yığmasının baş məşqçisinə təzminat ödəyəcək
Nigeriya Futbol Assosiasiyasının (NFA) rəhbərliyi bu ilin yanvarında Qanada keçirilən Afrika Millətlər Kubokundakı uğursuzluqdan dərhal sonra B.Foqtsla müqaviləni birtərəfli şəkildə pozub. Ancaq vaxtından əvvəl istefaya göndərilən baş məşqçi FİFA-ya şikayət edib. Öz növbəsində dünyanın ali futbol qurumu məsələnin tezliklə həll edilməsi ilə bağlı tərəflərə göstəriş verib. İyulun 9-da NFA və Nigeriya yığmasının sponsoru “Globacom” şirkətinin rəsmiləri arasında keçirilən görüşdə B.Foqtsun tələbləri yerinə yetirilib. 62 yaşlı məşqçiyə müqavilənin vaxtından qabaq pozulmasına görə təzminat, eləcə də yanvar və fevral aylarının maaşlarının ödənilməsi qərara alınıb. Təzminatın ümumi məbləği açıqlanmır.
Qeyd edək ki, B.Foqtsun rəhbərlik etdiyi Nigeriya milli komandası Afrika Millətlər Kubokunda 1/4 finalında Qanaya uduzaraq (1:2), mübarizəni erkən dayandırıb. Almaniyalı fevralda Nigeriyadan ayrıldıqdan sonra AFFA ilə anlaşıb.
0