“Jerminal” 10 ildir avrokuboklarda qələbə üzünə həsrət qalıb
11.07.2008 - 12:08
“Jerminal” 10 ildir avrokuboklarda qələbə üzünə həsrət qalıb
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” klubunun İntertoto kubokunun ikinci mərhələsindəki rəqibi “Jerminal” avrokuboklarda 10 ildir qələbə qazana bilmir. “APA-Sport” agentliyinin məlumatına görə, Antverpen təmsilçisi sonuncu qələbəsini UEFA kuboku çərçivəsində 1998-ci ilin avqustun 25-də İsveçrədə “Servett” üzərində qazanıb. “Jerminal” avrokuboklarda səfərdə yaxşı çıxış edir. Belə ki, komanda rəqib meydanında keçirdiyi 9 matçın yalnız 2-də - Şotlandiyanın “Seltik” və Avstriyanın QAK klubuna 0:2 hesabı ilə uduzub. Qitə miqyaslı turnirdə indiyədək 19 oyun keçirən Antverpen təmsilçisi bunların 7-də qələbə qazanıb. “Neftçi”nin rəqibi bu qələbələrdən üçünü rəqib meydanında əldə edib. “Jerminal” vaxtilə Norveçdə “Tromse” (2:0), Almaniyada “Ştutqart” (4:2), İsveçrədə “Servett” (2:1) klubunu məğlubiyyətə uğradıb. Ancaq bu qələbələr mərhələ adlamaq üçün yetərli olmayıb. “Jerminal” Farer adalarında “Torshavan” və Belqradda “Srvena Zvezda” 1:1, Sarayevo və Marseldə eyni adlı klublarla qolsuz heç-heçə oynayıb. Belçikalılar avrokuboklarda son üç oyununu heç-heçə ilə başa vurub. “Neftçi” ilə görüşədək üç il öncə UEFA kubokunda Fransanın “Marsel” klubu ilə hər iki görüşdə qolsuz heç-heçə edən belçikalılar oyun sonrası penaltilər seriyasında 1:4 hesabı ilə uduzub.
1991-ci ildən avrokuboklarda çıxış edən Antverpen təmsilçisi 19 görüşün 7-də qalib gəlib, 8-də heç-heçə edib, 4-də uduzub (topların fərqi 27-29).
0