“Neftçi” 4 ildir Bakıda xal itirmir
11.07.2008 - 12:39
“Neftçi” 4 ildir Bakıda xal itirmir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubu avrokuboklarda keçirdiyi son 4 ev oyununda qələbə qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, 4 ildir öz meydanında rəqiblərinə xal verməyən flaqman sonuncu dəfə Rusiyanın MOİK klubu ilə heç-heçə edib. 2004-cü ildə 0:0 hesabı ilə bitən həmin qarşılaşmadan sonra avropalılar “Neftçi” ilə Bakıdakı oyunlardan məğlub ayrılıb. 2005-ci ildə “Hafnarfyordur”u (İslandiya) 2, “Anderlext”i (Belçika) 1 cavabsız qolla yenən bakılılar ötən il “Rid”ə (Avstriya) 2:1 hesabı ilə qalib gəlib. Qələbə seriyasını bu il Slovakiyanın “Nitra” klubu ilə görüşdə də davam etdirən “Neftçi” onlara da islandiyalıların taleyini yaşadıb. Bu, Azərbaycan komandaları üçün avrokuboklarda ən yüksək göstəricidir. Paytaxtın digər təmsilçiləri “İnter”lə “Bakı” ardıcıl iki ev oyununda qələbə qazanmaqla rekorddan xeyli qalır. Lakin tarixi ərzində evdə keçirdiyi bütün avrokubok oyunlarında qələbə qazanan “İnter” bu seriyasını bu il də davam etdirə bilər. Qeyd edək ki, “Neftçi” son 9 ildə evdə keçirdiyi 8 qarşılaşmada məğlub olmamaqla da ölkə rekorduna malikdir.
0