“Jerminal” klubunun baş məşqçisi: “Biz Bakıya qələbə üçün gəlmişik”
11.07.2008 - 13:19
“Jerminal” klubunun baş məşqçisi: “Biz Bakıya qələbə üçün gəlmişik”
İyulun 5-də keçirilmiş ilk görüşdə flaqmanın göstərdiyi oyundan təəccübünü gizlətməyən 46 yaşlı çalışdırıcı rəqibin heyətində Georgi Adamiyanı fərqləndirib: “O, yaxşı futbolçudur. Ümumiyyətlə, sizin komandanız Belçikada inamlı təsir bağışladı. Xüsusilə, rəqibin ikinci hissədəki oyunu bizi təəccübləndirdi. Çünki “Neftçi” birinci mərhələdə “Nitra”ya qarşı keçirilmiş matçlarda bir o qədər də fəal görünmürdü. Amma bu dəfə əksinə oldu”. A.Veldhoven ilk görüşdəki mübahisəli məqamlara da toxunub. Belçikalı məşqçi vurğulayıb ki, hakimlər ciddi səhv buraxmayıblar: “Hakimlərin nəticəyə təsir göstərən səhvlərə yol verdiklərini düşünmürəm. Düzdür, qapımızdan keçən qol şübhəli idi. Hesab edirəm ki, həmin epizodda top qapı xəttini keçməmişdi. Bu, mənim subyektiv fikrimdir”. Sabah Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq cavab matçından danışan baş məşqçi qələbəyə iddialı olduqlarını söyləyib: “Erkən fərqlənməli və hücumlarımıza ara verməməliyik. Biz buraya qələbə üçün gəlmişik. “Neftçi” səddinə ilişmək planlarımıza daxil deyil”.
0