“Bakı” klubu yeni futbolçularını təqdim edib
11.07.2008 - 16:58
“Bakı” klubu yeni futbolçularını təqdim edib
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bakı” klubunun rəhbərliyi bu gün yeni futbolçuları mətbuata təqdim edib. “APA-Sport” agentliyinin məlumatına görə, “Hyatt Recensy” otelində keçirilən tədbirə klubun vitse-prezidenti Zeynal Məmmədov, baş məşqçi Qyoko Hacievski və komandanın yeni üzvləri xorvatiyalı qapıçı Marko Sarliya, müdafiəçilər - moldovalı Aleksey Savinov, bolqarıstanlı Aleksandar Tamaş, makedoniyalı hücumçular Georgi Xristovla Draqan Naçevski və başqaları qatılıb. Q.Hacievski mövsümlərarası fasilədə “Bakı”ya cəlb olunan digər futbolçuların tədbirdə olmamalarını belə izah edib: “Ramazan Abbasov, Ramal Hüseynov və Elvin Əliyevi yaxşı tanıyırsınız. Ramazanla Ramal əvvəllər “Bakı”da çıxış edib. Moldovalı Vadim Boretslə braziliyalı Fabio Luis Ramim isə 2005-ci ildən Azərbaycanda oynayır. Yəni, onları “Bakı”ya gələnədək başqa klublardakı çıxışlarından tanıyırsınız. Biz istədik ki, sizləri Azərbaycana ilk dəfə gələn futbolçularla tanış edək”. Daha sonra “Bakı”nın yeni legionerləri çempionatda geyinəcəkləri formalara sahib çıxıblar. Növbəti mövsümdə M.Sarliya 1, G.Xristov 9, D.Naçevski 11, A.Tamaş 21, A.Savinov isə 32 nömrəli futbolkada oynayacaqlar. “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov isə formaların arxasında futbolçuların adlarının yazılacağını söyləyib: “İndiyədək bunun olmamağının səbəbini dəqiq bilmirəm. Futbolçular mövsümün gedişində komandamızı tərk etdiyindən formalar tez-tez dəyişdirilirdi. Ancaq gələn çempionatda bu boşluğu aradan qaldıracağıq”.


0