Anatoli Demyanenko: “Azərbaycan futbolunun tarixinə düşmək şansı mənə əlavə stimul verir”
11.07.2008 - 17:54
Anatoli Demyanenko: “Azərbaycan futbolunun tarixinə düşmək şansı mənə əlavə stimul verir”
49 yaşlı ukraynalı mütəxəssis bildirib ki, Slovakiya “Nitra”sından sonra “Jerminal”ı da keçməklə, tarix yazmaq istəyirlər: “Yetirmələrimə Azərbaycan futbolunun tarixinə düşmək üçün çox yaxşı imkana malik olduqlarını demişəm. İndiyədək avrokuboklarda heç bir komandanız iki mərhələdə adlamayıb. Bu mənada “Neftçi” ilkə imza ata bilər. Azərbaycan futbolunun tarixinə düşmək istəyirik. Belə imkan mənə qarşıdakı sınaq öncəsi böyük stimul verir”. Sabahkı matçda taktiki mübarizənin əsas rol oynayacağını deyən A.Demyanenko müdafiədə oturmaq fikrində olmadıqlarını vurğulayıb: “1:1 rəqib meydanındakı görüş üçün çox münasib hesabdır. İlk matçda vurduğumuz qol mərhələ adlamaq şanslarımızı artırır. Belə şansı əldən buraxmaq olmaz. Təki arxayınlaşmayaq, yoxsa bunun acısını çəkəcəyik. Həm yaxşı müdafiə olunmaq, həm də yaxşı hücum etməyi bacarmaq lazımdır. Bu iki komponent bir-biri ilə vəhdət təşkil etməlidir. Hesab edirəm ki, sabah sərt mübarizə şəraitində keçən maraqlı bir oyun olacaq”.
Qeyd edək ki, “Neftçi” - “Jerminal” matçı sabah saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq. Flaqman qalib gələcəyi təqdirdə, İntertoto kubokunun üçüncü mərhələsində Rumıniyanın “Vaslui” klubu ilə görüşəcək.
0