Qyoko Hacievski: “Çempion olacağımıza söz vermirəm”
11.07.2008 - 18:14
Qyoko Hacievski: “Çempion olacağımıza söz vermirəm”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Təəssüf ki, ötən mövsüm “Bakı” üçün çox uğursuz alındı. Burada həm rəhbərliyin, həm də məşqçilərlə futbolçuların səhvləri oldu”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov bu gün yeni futbolçuların təqdimetmə mərasimində deyib. O, gələn mövsüm uğursuzluğu unutdurmağa çalışacaqlarını söyləyib: “Heyətimizin gücləndirilməsi üçün işlərimizin çoxunu görmüşük. Transferlərin 90-95 faizini yerinə yetirmişik. Ola bilsin ki, Sloveniyadakı hazırlıq prosesi zamanı daha 2-3 oyunçu aldıq. Məqsədimiz növbəti mövsümdə yüksək yerlərdən birini tutub, yenə avrokuboklara vəsiqə qazanmaqdır. Yenidən çempion olacağımıza inamımız böyükdür”. “Bakı”nın baş məşqçisi Qyoko Hacievski isə AFFA-nın İcraiyyə Komitəsinin son iclasında qəbul olunan qərarlara münasibət bildirib. İclasda çıxarılan qərarlardan çox razı qaldığını deyən makedoniyalı mütəxəssis limitin ləğv olunmasından sonra əcnəbilərə üstünlük vermək fikrində olmadığını vurğulayıb: “Sərəncamımda Azərbaycan yığmasının bir neçə oyunçusu var ki, onlara əsas heyət üzvü kimi baxıram və mütəmadi şans vermək fikrindəyəm. Hesab edirəm ki, AFFA-nın futbolun inkişafı üçün mühüm olan bu qərarlarından sonra Premyer Liqada daha da maraqlı olacaq. Çempion olacağımızı vəd verə bilmərəm. Demək olmaz ki, komandamız hazırda ən güclüdür. Gələn mövsüm çempion və kuboku qazanmaq uğrunda rəqabəti artırıb, bu titullara, eləcə də avrokuboklara vəsiqə qazanmağa əsas iddiaçılardan biri olacağıq”.
0