Dmitri Kruqlov: “1:1 çox aldadıcı hesabdır”
11.07.2008 - 18:53
Dmitri Kruqlov: “1:1 çox aldadıcı hesabdır”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Sabah bizi ciddi imtahan gözləyir. Üzərimizə düşən məsuliyyəti yaxşı dərk edirik. Öz meydanımızda oynadığımızdan doğma azarkeşlərimiz “Jerminal”la görüşdə bizdən uğurlu nəticə gözləyirlər”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun estoniyalı legioneri Dmitri Kruqlov deyib. O, İntertoto kubokunun birinci mərhələsində Slovakiyanın “Nitra” klubu ilə səfər matçından yaxşı dərs aldıqlarını bildirib: “Biz həmin palçığa bir daha bulaşmaq fikrində deyilik. “Nitra” ilə oyunda da ilk hissədə münasib nəticə qazanmışdıq. Öz meydanımızda 2:0 hesablı qələbədən sonra səfərdə üç qol buraxaraq, az qala mübarizəni dayandıracaqdıq. Belə dərsdən sonra qəti arxayınlaşmaq olmaz. Fikrimcə, 1:1 çox aldadıcı hesabdır”.
0