Azərbaycan futbol yığması Avstriyada kubok qazanıb
12.07.2008 - 10:05
Azərbaycan futbol yığması Avstriyada kubok qazanıb
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Almaniyalı mütəxəssis Bernard Lippert Azərbaycanda ilk uğurunu qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycanın 17 yaşlılardan ibarət milli futbol komandası 46 yaşlı çalışdırıcının rəhbərliyi altında ilk dəfə qalib adını qazanıb. Avstriyanın Vels şəhərində təşkil olunan “Yuxarı Avstriya Kuboku” uğrunda yarışda keçirdiyi oyunların hamısında qələbə qazanan U-17 bu beynəlxalq turnirin qalibi olub. Yığmamız finalda İtaliyanın “Korlo” komandası ilə görüşüb və qrupda 5:2 hesabı ilə üstələdiyi rəqibi bu dəfə daha böyük hesabla məğlub edib – 6:0. Həlledici oyunda Mirhüseyn Seyidovla Elnur Abdulov hərəyə iki, Məhəmməd Qurbanov və Tural İsgəndərov bir qol vurub. Turnirdə 21 top vurub və 2-ni buraxan yığmamız bu gün Avstriyanı tərk edəcək.
Qeyd edək ki, yeniyetmə futbolçularımız Avropa çempionatının ilkin seçmə qrup mərhələsinin hazırlığını Almaniyanın Münhen şəhərində davam etdirəcəklər.
0