“Neftçi” avrokuboklarda iki mərhələ adlayan ilk Azərbaycan klubu olub
14.07.2008 - 09:51
“Neftçi” avrokuboklarda iki mərhələ adlayan ilk Azərbaycan klubu olub
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” avrokuboklarda iki mərhələ adlayan ilk Azərbaycan klubu olub. “APA-Sport” agentliyinin məlumatına görə, ilk dəfə İntertoto kubokuna qatılan dördqat Azərbaycan çempionu Belçikanın “Jerminal” klubunu Bakıda məğlub etməklə (1:0), bu tarixi uğura imza atıb. 14 ildir qitə miqyaslı turnirlərdə çıxış edən klublarımız indiyədək ən yaxşı halda ikinci mərhələyə yüksəliblər.
“Neftçi” ilə “Jerminal” arasında Antverpen şəhərində keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb. Bakıda keçirilən cavab görüşündə yeganə qolun müəllifi Elnur Allahverdiyev olub. Bu, 25 yaşlı sol cinah müdafiəçisinin beynəlxalq miqyaslı turnirdə vurduğu ilk qoldur. Bununla da, “Neftçi” üç il öncə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Anderlext” klubu ilə oyunda olduğu kimi, Belçika təmsilçisini Respublika stadionunda minimal hesabla üstələyib. Həmin vaxtdan avrokuboklarda öz meydanında keçirdiyi görüşləri qələbə ilə başa vuran flaqman bu uğurlu seriyanı artıq beş oyuna çatdırıb. Ukraynalı mütəxəssis Anatoli Demyanenkonun çalışdırdığı komandamız UEFA kubokuna yüksəlmək üçün İntertotonun sonuncu mərhələsində Rumıniyanın “Vaslui” klubunu yenməlidir. “Neftçi” ilə “Vaslui” arasında ilk oyun iyulun 19-da Bakıda keçiriləcək.
0