İlqar Qurbanov “Sivasspor” klubunun heyətində avrokuboklarda debüt edib
14.07.2008 - 10:13
İlqar Qurbanov “Sivasspor” klubunun heyətində avrokuboklarda debüt edib
Sivas. Mehman Süleymanov - APA-Sport. Azərbaycan yığmasının yarımmüdafiəçisi İlqar Qurbanovun çıxış etdiyi Türkiyənin “Sivasspor” klubu İntertoto kubokunda üçüncü mərhələyə yüksəlib. “APA-Sport” agentliyinin məlumatına görə, Sivas şəhəri təmsilçisi Çernoqoriyanın “Qrbalj” klubu ilə öz meydanında keçirdiyi cavab görüşündə qələbə qazanıb – 1:0. Bu, avrokuboklarda debüt mövsümünü keçirən İ.Qurbanovun komandasının ilk qələbəsi olub. Çernoqoriyada keçirilən ilk oyun 2:2 hesabı ilə başa çatıb. “Sivasspor”un baş məşqçisi Bülənt Uyğun 22 yaşlı futbolçumuzu cavab görüşündə qələbə topunu vurandan az sonra, 86-cı dəqiqədə meydana buraxıb. Bununla da İ.Qurbanov Türkiyə klubunun heyətində avrokuboklarda debüt edib. UEFA kubokuna yüksəlmək uğrunda mübarizə aparan türkiyəlilər buna nail olmaq üçün “Qrbalj”ın ardınca Portuqaliyanın “Braqa” klubunu məğlub etməlidir.
Qeyd edək ki, “Sivasspor” İntertotonun üçüncü mərhələsində ilk oyununu iyulun 20-də öz meydanında keçirəcək.
0